Tribuna İnformasiya Agentliyi

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıya cəza istənildi

29 Noyabr

Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu olan Andrey Draçevi qətlə yetirən Anar Allahverənova 19 il həbs cəzası istənilib.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Draçevlər ailəsinin vəkili Yevgeni Şevtsov məlumat verib.

“Məhkəmə iclasında ittihamçı tərəf dinlənilib. Dövlət ittihamçısı 19 il azadlıqdan məhrum edilmə tələb edib. Müdafiə tərəfi mövqeyini növbəti iclasda çatdıracaq”, – hüquqşünas bildirib.

Xatırladaq ki, 20 avqust 2017-ci ildə Xabarovskda yerləşən kafelərin birinin qarşısında Draçovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyəsinə azı 21 yumruq və təpik zərbəsi endirib.

Zərbələrdən sonra zərərçəkən aldığı travmalardan yerə yıxılıb və huşunu itirib. Təqsirləndirilən şəxs yerdə beliüstə uzanan zərərçəkənin baş nahiyəsinə daha beş zərbə endirib. Aldığı xəsarətlərdən idmançı xəstəxanada dünyasını dəyişib.

Məhkəmə hadisədən bir ay sonra polisə təslim olan A.Allahverənov barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Məhkəmədə onun maraqlarını dörd vəkil müdafiə edir.