“Rusiya “Türk Şurası”nın qapısını döyəcək”backend

“Rusiya “Türk Şurası”nın qapısını döyəcək”

Rasim Quliyev: “Ramiz Mehdiyev dəqiq bilir kionu hansı aqibət gözləyəcək”

Resurs Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyevin SOSİUM.az-a müsahibəsi

 Ermənilərin cəbhə xəttindəki təxribatları davam edirErmənistan silahlı qüvvələri demək olar hər gün atəşkəs rejimini pozurSizcə, bundan sonra nələr baş verəcək?

– Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində məlum təxribatları bir neçə səbəbdən qaynaqlanır. Birinci səbəb Paşinyan rejiminin daxili narazılıqlardan yayınmaq və Ermənistan cəmiyyətinin diqqətini bu məsələyə yönəltmək istəyi ilə bağlıdır. Bilirsiniz ki, Nikol Paşinyan “Soros” Fondunun dəstəyilə “məxməri inqilab” nəticəsində iqtidara yiyələnib və hakimiyyətə şirnikləndirici vədlərlə gəlib. Artıq onun iqtidara gəlməsindən xeyli zaman keçir və bu müddətdə heç bir real addım ata bilməyib. Ermənistan iqtisadiyyatı daha da zəifləyib və mühacirətə üz tutan vətəndaşların sayında ciddi artım var. Digər yandan koronavirus pandemiyası onsuz da “süni nəfəs” aparatına qoşulan Ermənistan iqtisadiyyatını tamamilə çökdürüb. Bütün bunların fonunda erməni ictimaiyyətinin Paşinyana qarşı etirazlara qalxacağı qaçılmazdır. Bu səbəbdən Paşinyan vəziyyətdən çıxış yollarını axtarır və Tovuz rayonu istiqamətində məlum təxribatlar da bunun tərkib hissəsidir. Digər səbəb rəsmi Yerevanın Rusiyaya yaxınlaşmaq cəhdləri ilə bağlıdır. İndiyə qədər “Soros” Fondunun dəstəyilə hakimiyyətə gələn Paşinyan rejimi ilə Rusiya iqtidarı arasında soyuq münasibətlər hökm sürüb. Ermənistan daxilində Rusiyaya yaxınlığı ilə seçilən qüvvələr həbsə atılıb, keçmiş prezidentlər – Robert Köçəryan və Serj Sərkisyan təqib olunub. Görəndə ki, ölkəsi yenidən daxildən qarışa bilər, Rusiyaya yaxınlaşmaq kursu götürür. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu prosesə cəlb etməklə, özünü Rusiyaya təklif edir. Eyni zamanda Azərbaycanın dünyada önəmi artır və bu rəsmi Yerevanın mənafeyinə cavab vermir. Hər vəchlə Azərbaycanın iştirakı olan iqtisadi layihələri sabotaj etməyə çalışır. Tranzit kəmərlərinin keçdiyi ərazilərdə, Tovuz rayonu istiqamətində məlum təxribatlar da bu xüsusda təsadüfi deyil. Paşinyanın həyat yoldaşı Anna Akopyanın bir müddət öncə Azərbaycan qadınlarına sülh çağırışı ilə müraciət etməsi, bu gün isə 15 qadını başına toplayıb, “hərbi şoular” təşkil etməsi riyakar və ikiüzlü erməni xislətindən xəbər verməklə yanaşı, həm də ciddi təşviş keçirmələrindən qaynaqlanır.

– Rusiyanın Ermənistanı silahlandırılması ilə bağlı müzakirələr səngimək bilmir. Sizcə, Rusiya bu yolla nəyə nail olmaq istəyir?

– Bilirsiniz ki, Azərbaycanla Rusiya arasında tarixi qonşuluq münasibəti mövcuddur və hər zaman Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olub. Gəlin etiraf edək ki, Rusiya dünyanın aparıcı dövlətlərindən biridir və Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Ermənistan istisna olmaqla, bütün dövlətlərlə balanslaşdırılmış siyasət yürüdür və bu siyasətin mahiyyətində ölkəmizin milli maraqları dayanır. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev İranın təmsilçiləri ilə görüş zamanı bəyan etdi ki, Azərbaycan əməkdaşlıq formatlarından biri kimi Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatını görür. Ermənistan məsələsində Rusiyanın tutduğu mövqeyə gəldikdə isə çox təəssüf ki, ilk dəfə deyil ki, bu hadisə baş verir. İndiyə qədər Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı çoxsaylı siqnallar daxil olub. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində məlum təxribatları zamanı Rusiyanın onları silahla təhciz etməsi, özü də bunu dolayı yollarla həyata keçirməsi Azərbaycan cəmiyyətində dərin narahatlıq yaradıb. Dövlətimizin başçısı bəyan etdi ki, bu yolverilməzdir və məsələyə təcili aydınlıq gətirilməlidir. Hesab edirəm ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir. Rusiya unudur ki, Azərbaycanın əhəmiyyəti onlar üçün olduqca mühümdür. Xüsusən Rusiyada daxili narazılqıların və rəsmi Kremlə qarşı hücumların artdığı bir dövrdə bu addım kökündən yanlışdır. Birmənalı şəkildə deyə bilərəm ki, zaman gələcək, Rusiya “Türk Şurası”nın qapısını döyəcək.

– İddialar var ki, “köhnə qvardiya” Azərbaycanda həyata keçirilən islahatlar prosesini sabotaj edir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı?

– Bilirsiniz ki, Azərbaycan uzun müddət sovetlər ittifaqının tərkib hissəsi olub. Bu dövrdə Kremldən idarə olunan dövlətlərə əsasən kəşfiyyat orqanlarının, köhnə “KQB”-nin vasitəsilə nəzarət olunub. Hər kəsə məlumdur ki, “SSRİ KQB”sinin bazası Rusiyanın əlindədir və bu gün də postsovet dövlətlərinə təsir mexanizmləri mövcuddur. Azərbaycan kifayət qədər həssas bir regionda yerləşir və qonşuluğunda dünya gücləri ilə konfliktlərdə olan dövlətlər yerləşir. Belə olduğu halda müxtəlif xarici dairələrin fəallaşması təsadüfi sayıla bilməz. Hesab edirəm ki, Azərbaycanın müstəqil siyasət yürütməsi bəzi qüvvələrdə ciddi narahatlıq yaradır və onlar müxtəlif yollarla buna mane olmağa çalışırlar. “Beşinci kolon”da ənənəvi müxalifət birlikləri ilə yanaşı, vaxtilə və hazırda hakimiyyətdə yer alan məmurların də olması istisna deyil. Adi bir misal çəkim. Azərbaycan xalqı orduya və Ali Baş Komandana dəstək nümayişi keçirir. Hüquq-mühafizə orqanları aksiya iştirakçılarını müşaiyət edir. Birdən ortaya təxribatçılar çıxır və Milli Məclisin binasını dağıtmağa başlayırlar. Bu təxribatçılar kim idi və niyə bu addımı atdılar? Kifayət qədər maraqlı məqamdır və “beşinci kolon”un hərəkətə keçdiyini söyləməyə əsas yaradır.

– Ramiz Mehdiyevin ətrafına müzakirələr səngimək bilmir. Əli İnsanov da açıqlama verdi ki, Ramiz Mehdiyev açıq mövqeyini ortaya qoymalıdır?

– Əli İnsanovun açıqlamasından başlayaq. Adam iddia edir ki, Avroatlantik məkana inteqrasiya kursu götürüb və bütün fəaliyyəti bunun üzərindədir. Qəribə vəziyyət yaranıb: Əli İnsanov hara, Avroatlantik məkana inteqrasiya hara?! Sadəcə bu adam bütün dayaqlarını itirib və ara-sıra açıqlamalar verərək, özünü gündəmdə saxlamağa çalışır. Digər yandan Milli Şuraya dəstək verdiyini bəyan edir. Görünən mənzərə odur ki, Əli İnsanov Azərbaycanda qarışılıq yaratmağa çalışır və verdiyi bütün bəyanatların arxasında bu amil dayanır. O ki qaldı Ramiz Mehdiyevə, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı, sərt karantin qaydalarının tətbiq olunduğu dövrdə adam toy məclisi təşkil edir və bununla dövlətə meydan oxuyur. Necə ola bilər ki, illərdir nişanlı qalan, karantin səbəbindən toy edə bilməyən ailələr gözləyir, Ramiz Mehdiyev isə kütləvi məclis təşkil edir? Bu açıq-aydın qanunların pozulmasıdır və buna görə, hüquqi və mənəvi qiymətini alıb. Bilirsiniz ki, Ramiz Mehdiyev uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. O, həm Əli Kərimlidən, həm də Əli İnsanovdan güclüdür. Həm pulu çoxdur, həm də təcrübəsi. Mümkün deyil ki, onların mənasız və söz yığınından ibarət çağırışlarına müsbət reaksiya versin. Onların məqsədləri Ramiz Mehdiyevi soymaq, ondan pul qoparmaqdır. Əminəm ki, onlar Ramiz Mehdiyevdən istədiyini ala bilməyəcəklər. Bu oyunda qazanan yalnız Ramiz Mehdiyev ola bilər. Yəni Ramiz Mehdiyev onlardan istifadə edə bilər, nəinki onlar Mehdiyevdən. Heç şübhəsiz Ramiz Mehdiyev Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı çıxmağa cəsarət etməz. Çünki bu dövlətin və onun rəhbərinin gücünü dəqiq bilir. Dəqiq bilir ki, bu addımı atarsa, onu hansı aqibət gözləyir.

– Prezident İlham Əliyev bəyan etdi ki, heç kimə güzəşt olunmayacaq. Dövlət məmurlarının həbsi ilə bağlı nə deyə bilərsiniz?

– Harada inkişaf və tərəqqi varsa, orada da qüsurlar da olmamış deyil. Cənab Prezident İlham Əliyev hələ 2018-ci il prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı bəyan etdi ki, ölkədə dərin islahatlar aparılacaq. İstər Mərkəzi İcra Hakimiyyəti, istər yerli idarəetmə orqanları, istərsə də qanunverici və məhkəmə hakimiyyətlərində həyata keçirilən islahatlar bunun bariz nümunəsdir. Bu həm də yolunu azmış, vəzifəyə dədə-baba mülkü kimi baxan məmurlara ciddi mesaj idi. Çünki Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, heç kimə güzəşt olunmayacaq. Lakin görünür bəzi məmurlar bu mesajdan lazım olan nəticəni çıxarmayıblar. Öz nəfsinə hakim ola bilməyən, vətəndaşa yuxarıdan aşağı baxan, onları süründürməçiliyə salan məmurlar layiq olduğu cəzanı aldılar.

– Rəhbəri olduğunuz Resurs Analitik İnformasiya Mərkəzinin fəaliyyəti hazırda nə yerdədir?

– Bir ilə yaxındır ki, fəaliyyət göstəririk. Bu müddətdə mərkəzin təşkilatlanma, strukturlaşma və sənədləşmə işlərini yekunlaşdırmışıq. Eyni zamanda müxtəlif dövlət layihələrini icra etmişik. Əsas fəaliyyət istiqamətimiz Azərbaycanda və dünyada baş verən hadisələri araşdırmaq, tarixi aspektdən təhlil etmək və proqnozlaşdırmaqdır. Əldə etdiyimiz nəticələri təkcə ictimaiyyətə açıqlamır, həm də müvafiq qurumlara təqdim edirik. Əhalinin iqtisadi zonalar, sosial qruplar üzrə təhlili, mənəvi-psixoloji kontekstdən yanaşma, iqtisadi, siyasi, sosial, mədəni, tarixi araşdırmalar fəaliyyət sferamızdır. Eyni zamanda hər bir sahə üzrə ekspertlərimiz fəaliyyət göstərir və onlar öz sahəsində peşəkar və həm də cəmiyyətdə tanınmış simalardır. Qarşıda daha ciddi layihələrlə çıxış etmək iddiasındayıq. Əminik ki, nəzərdə tutduğumuz bütün layihələri uğurla icra edəcəyik.

// Azər Niftiyev, SOSİUM.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki