Tribuna İnformasiya Agentliyi

Rusiya prezidentinin köməkçisi Mərkəzi Bankın sədrini kəskin tənqid etdi

12 Sentyabr

Bu günlərdə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Putinin köməkçisi Sergey Qlazyev bildirib ki, milli valyutanın ucuzlaşmasının günahkarı Mərkəzi Bankdır.

“Pul kütləsindən çox valyuta ehtiyatı olduğu halda, onlar məzənnənin formalaşması prosesini maliyyə fırıldaqçılarının ixtiyarına buraxıblar və həmin insanlar rublu istədikləri kimi hərəkət etdirirlər”, – virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Qlazyev belə deyib.

Onun fikrincə, Mərkəzi Bank əvvəldən Konstitusiyada nəzərdə tutulmuş öhdəliklərini lazımınca yerinə yetirsəydi, 2014-cü ildən bəri rubl sabit qalardı və məzənnədə ciddi dəyişiklik olmazdı.

Sergey Qlazyev deyib ki, milli valyutanın məzənnəsini bərpa etmək üçün valyuta-maliyyə bazarına ciddi nəzarət edilməli, bazardakı manipulyasiyalara yol verilməməli, lazım gəldikdə alqı-satqı prosesinə müdaxilə olunmalıdır. Prezident köməkçisinin sözlərinə görə, bunları etmək elə də çətin iş deyil.