Rusiya hərbçilərinin Kiyevdə dinc sakinlərə atəş açmasının görüntüləri yayılıbbackend

Rusiya hərbçilərinin Kiyevdə dinc sakinlərə atəş açmasının görüntüləri yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN telekanalı Ukraynadakı Rusiya hərbçilərinin iki mülki vətəndaşı arxadan güllələdiyini əks etdirən video yayımlayıb.

TİA.AZ xəbər verir ki, ölənlərin şəxsiyyəti müəyyənləşib. Məlum olub ki, həmin şəxslər 68 yaşlı mühafizəçi Leonid Plyats və hələ ki adı açıqlanmayan avtosalonun sahibidir.

Belə ki, hadisənin anbaan görüntüləri paytaxt Kiyev yaxınlığında adı açıqlanmayan və kanalın balansında olan diler mağazasının ərazisində quraşdırılmış müşahidə kameralarında qeydə alınıb.

CNN telekanalının məlumatına görə, videogörüntülər martın 16-da Rusiya hərbçilərinin Ukraynanın paytaxtını ələ keçirmək cəhdi zamanı aparılıb.

Telekanal videodakı əsgərlərin geyim forması, şahid ifadələri və həmin vaxt əraziyə hansı tərəfin qüvvələrinin nəzarəti altında olmasının təhlili əsasında Rusiya ordusuna aid olduğunu müəyyən edib.

Kadrların birinin üzərində “Tank Xüsusi Təyinatlısı Rus” yazısı və “V” hərfləri olan furqonun “Velomağaza” işarəsi olan binaya doğru hərəkəti əks olunur. CNN bildirib ki, beş Rusiya əsgəri maşından düşür, qıfıl və pəncərələrə atəş açaraq binaya girməyə çalışır.

Bu zaman mühafizə postunun binasında Leonid Plyats və salonun sahibi hərbçilərin qarşısına çıxmağa hazırlaşır. Digər bir kamera tərəfindən lentə alınan görüntülərdə əsgərlərin kişiləri necə axtarması, onlarla söhbəti və onları buraxması təqdim olunur. Plyats və salon sahibi mühafizə postuna qayıdanda iki əsgər onları arxadan güllələyir.

Hadisədən sonra ayağı sarğılı Plyats mühafizə postuna yaxınlaşaraq telefonla ukraynalı könüllülərə zəng edə bilib. Könüllü dəstənin komandiri CNN-ə deyib ki, onlar Rusiya hərbçiləri ilə atışmaya girərək mühafizəçiyə çatmağa çalışıblar. Nəticədə Plyats binadan çıxarılıb, lakin o, qan itkisindən vəfat edib.

Bundan başqa, CNN üç Rusiya hərbçisinin binadakı şfak masalarda axtarış apardığı, həmçinin spirtli içki qəbul etdiyi zaman görüntülərini də paylaşıb. Telekanalın məlumatına görə, əsgərlər məkanda axtarış apararkən Plyats hələ sağ idi.

Ukrayna prokurorluğu CNN-ə bildirib ki, onlar hadisəni hərbi cinayət kimi araşdırırlar. Rusiya Müdafiə Nazirliyi isə jurnalistlərin şərh sorğusuna cavab verməyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Kiyev vilayətinin şəhərləri Rusiya qoşunlarının nəzarətinə keçib. Rusiya qüvvələri bölgəni tərk etdikdən sonra bu ərazilərdə öldürülən dinc sakinlərin meyitləri aşkarlanmağa başlayıb. Ümumilikdə, Kiyev vilayətində, polisin mayın 9-da verdiyi məlumata görə, Rusiya hərbçiləri tərəfindən öldürülən 1 254 mülki şəxsin nəşi tapılıb.

Rusiya qətliamlarda iştirakını inkar edib.