“RUSİYA HARADA VARSA, ORADA PROBLEM OLUR…” – “Sülhməramlılar uzun müddət orada qala bilməz!”backend

“RUSİYA HARADA VARSA, ORADA PROBLEM OLUR…” – “Sülhməramlılar uzun müddət orada qala bilməz!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün elə qüvvələr var ki, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməyini istəmirlər. Cənab Prezident açıq siyasət aparır. Fikir verirsinizsə, rüşvət və korrupsiyaya qarşı müharibə elan edib, iri ranqlı kadrları vəzifədən azad edir, gənc kadrları təyin edir. Bəzi insanlar yeniliyi qəbul etmək istəmirlər, amma hesablaşmağa məcburdurlar, başqa yolları yoxdur. Ölkədə islahatlar gedir, proses bu şəkildə davam edəcək. Yeni nəsil yetişib və gənc kadrlar gəlib dövlət idarəçiliyində öz yerlərini tutmalıdırlar, bu, xüsusi əhəmiyyət kəsb edir”.

TİA.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov musavat.com-a müsahibəsində bildirib.

O, Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ilə bağlı cəmiyyətdəki narahatlığı da bölüşdüyünü bildirib: ” Rusiya sülhməramlılarının Qarabağda oturması, əlbəttə, hamımızı narahat edir. Sizə açığını deyim, mənim bununla bağlı narahatlığım həmişə var, narahatlığımı gizlətmirəm də. Çünki Rusiya harada varsa, orada müəyyən problem həmişə olub. Biz bunu Gürcüstan, Moldova, Ukraynada gördük. İndi də Qarabağdadır. Amma yəqin ki, siyasi vəziyyət bunu tələb edib ki, cənab Prezident buna razılıq verib. Bizim bilmədiyimiz şeylər kifayət qədərdir. Məncə, sülhməramlılar uzun müddət orada qala bilməz, yavaş-yavaş çıxıb gedəcəklər. Kimsə fikirləşirsə ki, orada rus hərbi bazası olacaq, daha onda nə müstəqillik oldu? 1993-cü ildə Azərbaycandan rus ordusunun çıxarılması ilə əlaqədar olaraq millətimiz çox böyük əziyyətlər çəkib. Yaxud cənab İlham Əliyev Qəbələ RLS-lə bağlı kifayət qədər əziyyət çəkdi və oradakı məsələlər həllini tapdı. Ona görə də mən inanmıram ki, ölkəmizdə yenə də hansısa dövlətin hərbi bazası olsun”.

Vahid Əhmədov bildirib ki, Türkiyə dövləti bizim qardaş dövlətimizdir, 44 günlük müharibədə hər an yanımızda oldu, bu gün də bizimlə birgədir: “Yəni əməkdaşlıq olmalıdır, burada heç bir problem yoxdur. Türkiyə dövlət başçısının ən müsbət cəhəti ondan ibarətdir ki, o, siyasətdə bütün dövlətlərə açıqdır, onun gizli siyasəti yoxdur. Hətta 44 günlük müharibədə Azərbaycanı təhdid edən dövlətlərlə bağlı da elə siyasət yürütdü ki, ciddi problem yaranmasın. Yəni o bilir ki, Azərbaycanı istəməyən qüvvələr daxildə də var, xaricdə də. Onlar istəyəcəklər ki, istənilən vaxt müəyyən iğtişaşlar yaratsınlar. Amma Azərbaycan kifayət qədər inkişaf edib, millət əvvəlki millət deyil. Gənclərimiz artıq kifayət qədər dəyişiblər. Fikir verdiniz, onlar 44 günlük müharibədə torpaqlarımızın azadlığı, Azərbaycanın müstəqilliyi uğrunda ölümə getdilər. 3 minədək şəhid verdik, minlərlə qazimiz oldu. Mən arxayınam ki, müstəqilliyimiz əbədi və daimidir, burada heç bir problem yoxdur”.