Tribuna İnformasiya Agentliyi

Rusiya Avropa Şurasını tərk etməyə hazırlaşır

07 Oktyabr

Gələn həftə Rusiyanın Avropanın ən önəmli təşkilatlaırndan birində qalıb-qalmamaq məsələsi məlum olacaq. Bəhs edilən qurum Moskva və Qərb arasında dialoq üçün əsas platformalardan biri hesab olunurdu.

AŞPA-nın sessiyası 8-12 oktyabr aralığında keçiriləcək. Sessiyada qəbul ediləcək qətnamələrdən ən mübahisə doğuranı heç şübhəsiz ki, milli nümayəndə heyətlərinin səlahiyyətləri haqqındadır.

AŞPA-nın hazırkı qaydasında görə, ən azı 5 ölkədən 30 nümayəndənin səsi ilə istənilən dövlətin nümayəndə heyətinin səlahiyyəti məhdudlaşdırıla bilər. Səbəb olaraq isə Avropa Şurasına daxil olan zaman “həmin dövlətin üzərinə götürdüyü öhdəliyi pozması” və ya “hüququn aliliyini tapdalaması” göstərilir.

Rusiyanın hüquqları Krımın işğalından sonra – 2014-2015-ci illərdə məhdudlaşdırılıb. Rusiya Federasiyasının nümayəndələri Assambleyanın rəhbər orqanlarında və nəzarət missiyalarında iştirak etməkdən məhrum edilib, habelə onların səs hüquqları əllərindən alınıb. Moskva isə etiraz əlaməti olaraq öz deputatlarını Assambleyanın işindən çəkib, üstəlik təşkilata pul ödəməkdən boyun qaçırıb. Rusiyanın boykotuna görə Avropa Şurasının büdcəsində 18 milyon avro kəsir yarandığı deyilir.

Bu səbəbdən Rusiya təşkilat qarşısında şərtini açıqlayıb. “Kommersant”ın yazdığına görə, Moskva ümumiyyətlə milli nümayəndə heyətlərinin səs hüququndan məhrum edilməsi qaydasının ortadan qaldırılmasını tələb edir. Kremlin tələblərini tam şəkildə qarşılamaq mümkün olmasa da yeni qətnamədə bu prosesi çətinləşdirən bir sıra prosedurlar nəzərdə tutulub.

Belə ki, başqa bir ölkənin nümayəndə heyətinin hüquqlarının məhdudlaşdırılmasını artıq 30 deyil, 54 üzv (AŞPA-nın 1/6 hissəsi) tələb etməlidir. Bununla bağlı irəli sürüləcək layihəni isə Assambleyanın üçdə ikisi dəstəkləməlidir.

Qətnamə ilə bağlı səsvermənin oktyabrın 9-da keçirilməsi gözlənilir. Lakin həm Rusiya, həm də ona qarşı ölkələrdən sənədə etiraz səsləri yüksəlməyə başlayıb.

Məsələn Litva Seymi indidən layihənin əleyhinə olacağının anonsunu verib. Litvalıların fikrincə, belə bir sənəd neqativ presedent yaratmaqla yanaşı, AŞPA-nın avtoritetinə böyük kölgə düşürəcək.

Ukrayna xarici işlər naziri Pavel Klimkin isə sənədi “siyasi motivləşdirilmiş”, habelə “təşkilatın institusional əsaslarını sarsıdan” akt adlandırıb.

Heç Moskva da özünü sevincli göstərmir. Rusiya XİN nümayəndəsi (Ümumavropa əməkdaşlığı departamentinin rəhbəri) Andrey Kelin düzəlişləri gülünc adlandırıb.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə daha da irəli gedib və hətta Avropa Şurasından çıxa biləcəklərini söyləyib. Onun bu sözləri xarici işlər naziri Sergey Lavrov tərəfindən təkzib edilməyib.

Əlbəttə Rusiya kimi Avropanın ən böyük dövlətinin (ərazicə) təşkilatdan çıxması böyük itki sayılmalıdır.

Lakin bunun Rusiyanın özü üçün böyük problemlər yaradacağını ruslar da dərk edirlər.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) Avropa hüququ kafedrasının müdiri Nikolay Topornin “Kommersant” qəzetinə verdiyi müsahibədə qurumun Rusiya və Qərb arasında dialoq platformalarından biri olduğunu, bunun qapanmasının hər iki tərəf üçün olduqca mənfi nəticələr yaradacağını söyləyib.

Ən əsası isə ruslar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququndan məhrum qalacaqlar. Təkcə 2017-ci ildə AİHM Rusiya ilə bağlı 8042 işə baxıb.

“Beləliklə rusiyalılar üçün hüquq-müdafiə imkanları azalacaq. Bizdə isə təəssüf ki, obyektiv demokratik məhkəmə yoxdur”, – Nikolay Topornin qeyd edib.

Toporninin fikrincə, bu situasiya Rusiya və Avropanın qalan hissəsi arasında yeni virtual səddin əmələ gəməsinə gətirib çıxaracaq.

Musavat.com