Rusiya alıcı tapa bilmir – Neft bu qiymətə qədər bahalaşacaqbackend

Rusiya alıcı tapa bilmir – Neft bu qiymətə qədər bahalaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünyanın ən böyük maliyyə qurumlarından olan ABŞ-nin “JPMorgan” bankı enerji bazarındakı vəziyyəti və Rusiyaya mümkün sanksiyaları nəzərə alaraq neft qiymətləri ilə bağlı proqnozunu bir qədər də bədbinləşdirib. 
“Bloomberg” xəbər verir ki, bank, Rusiyanın neft ixracına qarşı məhdudiyyətlərin güclənəcəyi təqdirdə, “Brent” neftinin qiymətinin 185 dollara qədər artacağını proqnozlaşdırır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra neftin qiymətində sürətli artım müşahidə edilir. Müharibə başlayanda qiyməti 93 dollar olan “Brent” markalı neft martın 3-də 118 dollara qədər bahalaşmışdı. Hazırda “Brent” neftinin qiyməti 112 dollar olsa da qiymətlərin artıma meyilli olduğu görünür.
“JPMorgan” analitiklərinin qiymətləndirməsində Rusiya neftinin 66 faizinə alıcı tapmaqda çətinlik çəkdiyi bildirilib. Analitiklər İran neftinin bazara sürətlə qayıda bilməyəcəyini fərz edərək, qısamüddətli perspektivdə təklif çatışmazlığının böyük olacağına diqqət çəkiblər.
Oxşar qiymətləndirməni “Energy Aspects” konsaltinq şirkəti verib. Şirkət Rusiya neftinin 70 faizinin alıcı tapmaqda çətinlik çəkdiyini bildirib.
“Avropalıların əksəriyyəti Rusiya neftinə toxunmasa da, yalnız bir neçə neft emalı zavodu və investor hələ də bazarda ticarət edir. Lakin artan qorxu səviyyəsi və müharibə sığortası mükafatları əməliyyatları əhəmiyyətli dərəcədə çətinləşdirir”, – deyə “Energy Aspects” şərhində bildirib. /Sfera.az