Tribuna İnformasiya Agentliyi

Rusiya 18 ton albalını Azərbaycana geri qaytardı

03 İyul

Rusiyanın Kənd Təsərrüfatı Məhsullarına Nəzarət üzrə Federal Xidməti (“Rosselxodnadzor”) Azərbaycandan gətirilən 18,4 ton albalının Dağıstan sərhəd məntəqəsindən geri qaytarılması ilə bağlı qərar qəbul edib. Məhsulun ölkəyə buraxılmamasına səbəb isə baxış zamanı xüsusi təhlükəli karantin obyekti – Şərq meyvəyeyəninin (Grapholitha molesta) aşkarlanmasıdır.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mənbə qeyd edir ki, zərərverici aşkar olunmuş məhsulları sərhəddən keçirdiyinə görə yük sahibinə qarşı Rusiya Federasiyası İnzibati Məcəlləsinin 10.2-ci maddəsinə uyğun olaraq protokol tərtib edilib. Məhsullar ixrac edilən ölkəyə geri qaytarılıb.

Məlumat üçün bildirək ki, Şərq meyvəyeyəni kənd təsərrüfatı bitkiləri üçün çox təhlükəli zərərverici hesab olunur. Onun tırtılları ağacların cavan zoğlarının içərisinə daxil olur, orada 10-25 gün qidalana bilir. 25-30 gündən sonra puplardan yeni kəpənəklər çıxır. Onlar daha çox heyva və ərik ağaclarına 45-50%, tez yetişən şaftalı sortlarına 28-36%, gec yetişən şaftalı sortlarına 50-60%, bəzi illərdə heyva ağacına 80-90% zərər verir.

Bu zərərvericilər həm də kütləvi şəkildə çoxalır. Hər bir dişi kəpənək 50-250 ədəd yumurta qoya bilir.

Xatırladaq ki, son illər Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarında təhlükəli zərərvericilərə tez-tez rast gəlinir. İki il əvvəl də Azərbaycandan Dağıstana aparılan 18 ton almada Şərq meyvəyeyəni aşkarlandığına görə məhsul ölkəyə geri qaytarılmışdı.