Rus ordusu Xersonda da geri oturdulubbackend

Rus ordusu Xersonda da geri oturdulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızğın döyüşlərin getdiyi məntəqələrdən biri, Xerson şəhərinin Rusiya ordusu tərəfindən ələ keçirilməsi barədə xəbər təsdiqlənməyib. Bu barədə Xerson meri açıqlama yayaraq, Rusiya Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

Musavat.com-a son hadisələr barədə özəl açıqlama verən Ukraynadakı həmvətənimiz Əli Quliyev bildirdi ki, Xerson meri müraciət yayaraq vəziyyətin gərgin olduğunu, dərman, qida çatışmadığını bildirib. “Xerson meri çıxış etdi ki, yaralıları çıxartmaq lazımdır, bizə kömək edin! Bir həftədir kişi kimi döyüşürlər. Bu dəfə də rus qoşununu geri oturdublar. Odur ki, Rusiyanın yaydığı xəbər səhvdir”.

Ə.Quliyev dedi ki, kiçik şəhər olan Melitopoldan başqa heç bir şəhər işğal olunmayıb. Ötən gün rus ordusu Kiyevdəki teleqülləni vursa da, televiziya işləyir: “İndicə məlumat verdilər ki, əgər yayımda hər hansı problem olsa, bütün verilişləri onlayın, youtub üzərindən yayacaqlar”.

Həmyerlimiz dedi ki, Xarkovda da vəziyyət çox ağırdır: “Dünən ruslar hərbi hospitalı tutmaq istəyirmiş. Şəhərə desant töküblər, Ukrayna ordusu bütün desantları məhv edib. Əvvəlki günlərdə gecələr bombalar yağdırılırdısa, artıq gündüzlər də raketlər atırlar. Məlumata görə, ötən gecə tam şəkildə Xarkov atəş altında olub. Xarkov şəhərinin mərkəzi “Qrad”larla vurulub”.

Bu gün paytaxt Kiyevdə sakitlikdir. Dünən qüllə tərəfdə itkilər olub: “Gecə 12-dən sonra sakitlikdir. Atəş nöqtələri susdurulub”. Ə.Quliyev paytaxta doğru 64 km-lik rus kolonunun irəliləməsi barədə məlumatı da panika yaratmaq cəhdi adlandırdı: “Boş söhbətdir. 64 km-lik kolon olsaydı, onu zərərsizləşdirmək üçün hərəkətə keçilərdi”.

Ə.Quliyev dedi ki, əsas problem azərbaycanlıların durumudur: “Bütün gecə boyunca zənglər olub, həmvətənlərimiz kömək istəyir, deyirlər uşaqlarımız həlak olacaq. Açığı, mən heç bilmirəm nə edim. Bu günədək 8 azərbaycanlı həlak olub. Kömək gözləyən insanlarımız isə həddən artıq çoxdur. Necə olur ki, Türkiyə bütün vətəndaşlarını sistemli şəkildə təxliyə edir, biz bunu bacarmırıq? Xahiş edirəm, əlaqədar qurumlar hərəkətə keçsinlər”.