Tribuna İnformasiya Agentliyi

“RoyalBank”ın sabiq filial müdirinin şikayəti əsasında məhkəmə başlayıb

09 May

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilən “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 11-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs banka məxsus 44 min manat məbləğində pulu mənimsəməkdə ittiham edilir.

N.Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə: külli miqdarda olduqda), R.Qasımov isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinir.

İttiham aktına əsasən, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri N.Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakinini aldadıb guya bankda onun və həyat yoldaşının adına, ümumilikdə, 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə külli miqdarda əmlakı ələ keçirib. O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq edib.

N.Bayramov və R.Qasımov 2014-cü ildə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılsalar da, bir müddət sonra azadlığa buraxılıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bayramov 4 il, R.Qasımov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.