Rövşən Əkbərovun məhkəməsində Elçin Əliyevin xanımı dindirildibackend

Rövşən Əkbərovun məhkəməsində Elçin Əliyevin xanımı dindirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
TİA.AZ Report-a istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yetirilən Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva dindirilib.
O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Daha sonra şahid qismində mərhumun uşaqlıq dostu Səməd Novruzov ifadə vetib. O, bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanımır: “2001-ci ildə iyunun 1-də mənə zəng gəldi. Hadisə ilə bağlı mənə xəbər etdilər. Biz rəhmətlik Elçinlə uşaqlıq dostu olmuşuq. Təcili çıxdıq Ukraynaya. Axşama Kiyevə çatdıq. Bizi orda 1 nəfər qarşıladı. Gecə oteldə qalıb, səhəri günü morqa getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb Kiyevdəki səfirliyə getdim. Orada keçmiş hərbçi, Ukrayna vətəndaşı olan Qriqoryev Mixailoviçi gördüm. Mənə dedi ki, hadisəni sizinkilər törədib. Biz onunla telefonda əvvəl danışmışdıq, amma üzünü görməmişdim. Ukraynada olan səfirlikdə mənə söylədilər ki Elçin “Abşeron” adlı restoranda yeyib-içib.  Sonra səfirlikdə də kimləsə mübahisələri düşüb. Təzədən başqa restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da həmin restorana gedib. Hadisə həmin yerdə baş verib. Mənə orda dedilər ki, Rövşən Əkbərov da həmin restoranda olub. Sonuncu dəfə Elçinlə mayın 31-də danışmışam. Mən iyunun 1-də səfirlikdə olmuşam, ayın 2-si isə Rövşənin qətl törətməsini eşitmişəm. Bu günə kimi də bu sual maraqlandırır ki, Rövşən Elçini niyə öldürüb?”.
Daha sonra təqsirləndirilən şəxs R.Əkbərov şahidə “siz necə dost olmusuz ki, gəlib Rövşəni tapıb soruşmadın?” sualını verib
Şahid isə “sübutum olmadan kimisə qətldə ittiham edə bilmərəm” cavabını verib.
Növbəti iclas oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.