Tribuna İnformasiya Agentliyi

İrəvanı qorxuya salan SÜRPRİZ

04 Aprel

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri Ermənistanda ciddi təşvişə səbəb olub. 
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri Ermənistanda ciddi təşvişə səbəb olub.

TİA.AZ xəbər verir ki, “lragir” saytı “İlham Əliyevlə Nazarbayev Ermənistan üçün yeni sürpriz hazırlayır” deyə yazıb.

“Ötən il Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər etdi. Bunun ardınca Qarabağa səfər etmiş Lapşin Bakıya təhvil verildi. Nazarbayevin Bakı səfərindən sonra da Ermənistan üçün yeni sürprizlərin olması mümkündür. Qazaxıstan prezidenti Avrasiya İqtisadi İttifaqının Astana sammitində İlham Əliyevin məktubunu oxuyaraq, Sarkisyanı pis vəziyyətə salmışdı. İndi əsas sual belədir: Əliyev və Nazarbayev bu dəfə Ermənistan üçün hansı sürprizi hazırlayır?”, – deyə sayt qeyd edib.

Sayt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən ilin 14 oktyabrında İrəvanda keçirilən iclasını xatırladaraq qeyd edir ki, Nazarbayev həmin vaxt Ermənistana gəlməkdən imtina etdi: “Buna səbəb kimi onun xəstəliyi əsas gətirildi. Nazarbayev gəlmədiyi üçün iclasda KTMT-yə erməni baş katibin təyin edilməsi təxirə salındı. KTMT-yə erməni baş katibin təyinatı ötən ilin dekabrında keçirilən iclasda olacaqdı. Lakin Lukaşenko gəlmədiyi üçün məsələ yenə təxirə düşdü. İndi gözlənilir ki, erməni baş katib KTMT-nin apreldə keçiriləcək sammitində təyin oluna bilər. Mümkündür ki, bu təyinatın olmaması üçün Əliyevlə Nazarbayevin hansısa planı var”.

Qeyd edək ki, Ermənistan KTMT-yə erməni baş katibin təyin olunması ilə təşkilatın xüsusilə Qarabağ məsələsində dəstəyini qazanmaq istəyir. Ötən il baş vermiş “aprel müharibəsi”ndə Qazaxıstan və Belarus açıq şəkildə Azərbaycanın mövqeyindən çıxış etdikləri üçün Ermənistan KTMT-nin dəstəyindən məhrum oldu. Rəsmi Bakı Ermənistanın dəstək ala biləcəyi qaynaqları kəsməklə, İrəvanın Dağlıq Qarabağ və digər ərzilərdə işğal siyasətinə son qoymağa çalışır.