Tribuna İnformasiya Agentliyi

RƏSSAM NİHAD ƏLİYEV: “MƏŞHURLAR TARİXDƏ HƏR ZAMAN İZ QOYUR”

22 Aprel

Son zamanlar sosial şəbəkələrdə gənc rəssam Nihad Əliyevin əsərləri ilə tez-tez rastlaşırıq.  

Son zamanlar sosial şəbəkələrdə gənc rəssam Nihad Əliyevin əsərləri ilə tez-tez rastlaşırıq. 

Göyçay rayonunda yaşayan və fəaliyyət göstərən istedadlı gənc rəssam fırçası ilə Azərbaycanın, eləcə də Avropanın görkəmli şəxsiyyətlərinin portretlərini yaradır.

Sosial şəbəkə istifadəçiləri Nihad Əliyevin maraqlı rəsmlərini öz səhifələrində tez-tez paylaşmaqla onun qısa vaxtda cəmiyyətdə tanınmasına səbəb olublar. 1986-cı ildə Göyçay şəhərində ziyalı ailəsində anadan olan Nihad Əliyev rəsm çəkməyə 4 yaşında olarkən başlayıb. Doqquz yaşında ilk dəfə portret çəkən Nihad Əliyevin ən böyük arzusu gələcəkdə tanınmış rəssam olmaqdır. O, 2003-cü ildə orta məktəbi bitirən zaman rəssamlıq üzrə ali təhsil almaq istəsə də valideynlərinin təklifi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin dünya iqtisadiyyatında informasiya texnologiyaları fakültəsinə daxil olub.





Rəssamlıq təhsili olmayan və fərdi qaydada heç bir müəllimdən dərs almayan Nihadın qeyri-adi istedadı və bu sahəyə olan böyük marağı onun qısa vaxtda incəsənət sahəsində tanınmasına səbəb olub. Elə buna görə də gənc rəssamdan müsahibə aldıq:

– İndiki  zamanda xüsusən bölgədə yaşayan bir rəssam olaraq rəssamlıq sənətini necə qiymətləndirirsiz? 

– Hər bir rəssamda olduğu kimi, mənim üçün də rəssamlıq hər şeydir. Mən onunla nəfəs alıram. Rəssamlıq –  dünyada ən çox sevilən elitar sənətlərdəndir. Bu sənət elə bir sənətdir ki, bununla istənilən məkanda çalışa bilərsən, fərq etməz şəhərdə və ya digər bölgələrdə. Necə deyərlər istedadın və bacarığın məkanı olmur. Əgər rəssamın əsərləri tamaşaçılar tərəfindən həvəslə izlənirsə, deməli nə vaxtsa həmin rəssamın sədası dünyanın hərtərəfinə yayılacaq.

– Göyçaydan dünyaya necə baxırsız? 

–  Dünyaya öz sərrast və qəti baxışımla baxmağa çalışıram.Çalışıram ki, dünyagörüşüm geniş olsun. Dünyanın məşhurları və tarixi faktlar haqqında məlumatlar əldə etməyə çalışıram. Dünya dilllərindən bildiyim dillər də mövcuddur. Həmin bildiyim dillərə rus, türk, ingilis, fransız və alman dilləri daxildir. Əsasən dünyadan maraqlı məlumatlar əldə etməklə dünyagörüşümü daha da genişləndirməyə çalışıram.

– Hər sənətkarın özünün sevdiyi əsər olur. Sizin əsərlərinizdən özünüzün heyran olduğunuz əli işiniz varmı?

– Çəkdiyim rəsm əsərlərinin hər biri mənim üçün eynidir, hamısı məni yaşadır və məni heyran edir. Çəkdiyim rəsm əsərinə baxan tamaşaçının ondan zövq alması məni olduqca çox sevindirir. Tamaşaçı mənim rəsm əsərimə baxdıqdan sonra, rəsm əsərinin onun xoşuna gəldiyini mənə bildirməsi, mənə olan şərhi və ürək sözlərindən xoşbəxt oluram. Sifarişdən əlavə hər hansısa bir şəxsə rəsm əsəri hədiyyə etdikdə, mənə olduqca xoş olur ki, o, onun öz evində, ofisində və s. yerində bir çoxları tərəfindən izləniləcək,  bəyəniləcək və kim tərəfindən çəkildiyi onlar üçün çox maraqlı olacaq.

Bu sənətdə  pul qazana bilirsinizmi?

– Qazancımdan asılı olmayaraq, mən bir rəssam kimi istərdim ki, bunu qeyd edim. Rəssam çalışmalıdır ki, varlı, orta və ya kasıb yaşasa da öz sənətini sevsin. Ürəkdən çəkilən rəsm əsəri qazanc xatirinə çəkilən rəsm əsərindən dəyərli olur. Hər bir istedadlı rəssam, tarixdə unudulmaz iz qoyur. İstedadlı rəssamın zəhməti nəticəsində nə vaxtsa onun qazancı da qaneedici olar. Necə deyərlər hər şeyin öz vaxtı və zamanı var. Portret rəsmlərin çəkilməsi üçün Bakıdan və digər bölgələrdə yaşayan insanlardan sifarişlər alıram. Ağ-qara portretləri 2-6 gün ərzində çəkirəm,qiyməti isə 30-40 manat civarındadır. Rəngli portretləri isə 50-60 manata hazırlayıram.

– Karikatura çəkmisinizmi?

– Rəssamlıqda əsas portret və hər hansısa bir mövzulara aid rəsm əsərləri çəkirəm. Karikaturaya gəldikdə isə onu qeyd edim ki, ümumiyyətlə, hər bir rəsm əsərinin öz gözəlliyi olduğu kimi, karikaturanın da öz gözəlliyi var. Buna görə də karikatura çəkmək mənə çox xoş olar.

– Rəsm sərgilərində əsərləriniz nümayiş olunurmu?

– Mən çox istərdim ki, öz fərdi sərgilərim təşkil olunsun. Həmçinin mənim böyük arzum budur ki, respublika və beynəlxalq sərgi və müsabiqələrdə iştirak edim. Yaxın vaxtlarda Göyçayda və Bakıda tanınmış şəxsiyyətlərin portretlərindən ibarət sərgi təşkil etməyi planlaşdırıram.

– Hazırda hansı əsərlər üzərində işləyirsiniz?

– Kompozisiya əsasında məşhur şəxsiyyətlərin portretləri üzərində çalışıram.

Gənc rəssamlar sosial şəbəkələrdə əsərlərini reklam edir, sifarişlər toplayır, pul qazanır. Buna necə baxırsınız?

– Mən buna normal baxıram. Çünki rəssama dolanışıq üçün qazanc mütləqdir. Hər bir  rəssamın arzusudur ki, məşhurlaşsın, onun əsərləri tamaşaçılar tərəfindən böyük həvəslə izlənilsin, həmin tamaşaçılardan hansısa onun rəsm əsərlərindən alsın və ya sifarişlər etsin. Amma onu qeyd etmək istəyirəm ki, hər bir sənətkar kimi, rəssam da öz həyatında sənətini ürəkdən sevməli, ona olduqca çox ciddi yanaşmalıdır. Bunun axarınca, qazanc da öz yerini tapacaq.

– Azərbaycanda professional və qeyri-professional rəsmləri fərqləndirə bilən tamaşaçı kütləsi varmı?

– Əlbətdə var. Professional və qeyri – professional rəsm əsərləri mövcuddur. Rəsm əsərindən anlayışı olan hər kəs, rəsm əsərinə baxdıqda, onun professional və qeyri-prefessional olduğunu bilmək qabiliyyətinə malikdir. Peşəkar rəssamın buna aydınlıq gətirməsi birinci növbəlidir. Qeyri-peşəkar rəssam da aydınlıq gətirə bilər. Hətta ola bilər ki, hər hansısa bir şəxs rəsm çəkmir, rəssamlıqla məşğul olmur, amma rəssamlığı və rəsm əsərlərini sevir, gözəl tənqid qabiliyyətinə malikdir.Yəni, bir sözlə tamaşaçılar arasında rəssamlar və tənqidçilər rəsm əsərlərinin professional və qeyri-professional olmasına aydınlıq gətirə bilər. 

Niyə tanınmış şəxsiyyətlərin portretlərini yaratmaqla məşhurlaşmaq istədiniz?

– Bildiyimiz kimi, hər rəssamın öz seçimi var:  portret, mənzərə, natürmort, müəyyən mövzulara aid kompozisiyalar çəkən və s. Mən portret ustası olmuşkən, seçimim bu olub ki, çəkdiyim rəsm əsərlərinin əksəriyyəti kompozisiya əsasında məşhurların portretidir. Çünki məşhurlar hər zaman tarixdə unudulmaz iz qoyur. Kompozisiya əsasında məşhurların portretlərini çəkməkdə məqsədim budur ki, bu günkü yeni nəsil, həmin məşhurların tarixi və yaradıcılığı haqqında məlumatlara malik olmalıdır. İndiyədək Müslüm Maqomayev, Vaqif Mustafazadə, Əhmədiyyə Cəbrayılov, Məhəmməd Hüseyn Şəhriyar, Xəlil Rza Ulutürk, Yunis Əmrə, Lütfi Zadə, İnqrid Berqman, Zaha Hadid, Koko Şanel, Brus Li, Andrea Boçeli, Mirey Matiye və başqa tanınmış şəxslərin portretlərini yaratmışam.

– Ən çox hansı məşhurun şəklini həvəslə işləmisiz?

– Çəkdiyim rəsm əsərlərinin hamısı məni bu həyatda yaşatdığı üçün, mən onu qeyd etmək istəyirəm ki, kompozisiya əsasında çəkdiyim bütün məşhurların portretləri  üzərində olduqca çox böyük həvəslə işləmişəm. Mən olduqca çox şadam ki, bu günkü gün tamaşaçılar tərəfindən həmin rəsm əsərləri çox böyük diqqətlə izlənilir, böyük maraq doğurur və bəyənilir.

İlahə