access_time Dərc olunub: 15:37
"QANUN QƏBUL OLUNSA BU RÜŞVƏTƏ YOL AÇACAQ”


 TİA.AZ-ın müsahibi təhsil üzrə ekspert, təhsil işçisi Elçin Əfəndidir.


- Elçin müəllim, bu ilki qəbul ilində neçə ixtisas üzrə qəbul aparılacaq və ümumi plan yeri nə qədərdir? 

- Bildirim ki, bu il 160 ixtisas üzrə qəbul aparılacaq və ümumilikdə 43000 plan yeri ayrılıb. Onlardan I qrup üzrə 14000, II qrup üzrə 12500, III qrup üzrə 10000, IV qrup üzrə 3300, V qrup üzrə isə 3200 yer nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, Yaz qəbul imtahanında 31 383 nəfər müsabiqə vəziyyətini ödəyib. Yay qəbul imtahanını da nəzərinə alsaq, kəsilən 32837 nəfərdən haradasa 10-12 mini 200 baldan artıq bal toplamaqla, təxmini plan yerlərini doldura bilər. Bundan əlavə, vurğulayım ki, ötən il 41 736 plan yeri vardısa, onun da 34 224-ü tutulmuşdu. İndi 43000 min plan yeri var. Amma bu, o demək deyil ki, mütləq hamısı tutulmalıdır. Təbii ki, ixtisas seçimi zamanı yanlış ixtisas seçənlər, müsabiqə vəziyyətini ödəyə bilməyənlər boş qalan yerlərin olmasına səbəb olacaqlar.

- Elçin müəllim, plan yerləri ötən illərə nisbətən çoxdur. Bu keçid ballarının düşməsinə təsir edəcəkmi?

- İxtisas qrupları üzrə keçid ballarında düşmə olmayacaq. Amma bəzi ixtisaslar var ki, onlarda keçid balı 150 olacaq.

-Hansı ixtisaslarda? 

-Məsələn aşağıdakı ixtisasların siyahısı sonradan müəyyənləşdirilməklə, keçid balları 150 olacaq. Bu barədə müvafiq olaraq, Dövlət İmtahan Mərkəzi bir neçə ay bundan öncə məlumat vermişdi. Beləki

I qrup üzrə: “Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Texnologiya müəllimliyi”, “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi”, “Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “İstehlak mallarının ekspertizası və marketinqi” və “Poliqrafiya mühəndisliyi” ixtisasları;

 II qrup üzrə: “Menecment”, “Marketinq”, “Biznesin idarəedilməsi”, “Kommersiya”, “Regionşünaslıq (regionlar üzrə)” və “Turizm və otelçilik” ixtisasları;

 III qrup üzrə: “Məktəbəqədər təlim və tərbiyə”, “Filologiya (dil və ədəbiyyat göstərilməklə)”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” və “Sosial iş” ixtisasları, bundan əlavə Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə ümumi balı 100-dən az olmayan III ixtisas qrupu abituriyentləri buraxılacaqdır.

IV qrup üzrə isə “Baytarlıq”, “Ekologiya”, “Su bioehtiyatları və akvabitkilər” və “Əczaçılıq” ixtisaslarında keçid balları 150 olacaqdır.

- Bir neçə gündür ki, ali məktəblərə qəbul imtahanı vermədən qəbul olmaq barədə danışılır. Bu barədə nə düşünürsünüz?

- Diqqətinizə çatdırım ki, bu haqda Milli Məclisin 13 iyun tarixinə təyin olunan plenar iclasında qanun layihəsi bir sıra millət vəkili tərəfindən irəli sürüləcək. Bu isə qanun layihəsinin qəbul olunacağı anlamına gəlmir. Qanun layihəsində nəzərdə tutulan bir il ali məktəblərin özündə və ya nəzdində abituriyent hazırlıq keçməklə, artıq o universitetin tələbəsi adını qazanmış hesab olunacaq. Bu isə olduqca primitiv yanaşmadır. Əvvəla ona görə ki, ali məktəblər tələbə hazırlayır. Tələbə hazırlamağa onlarda nə zaman, nə də mövcud imkanlar var. İkinci bir tərəfdən bu əksər abituriyentdə arxayınlıq yaratmaqla, təhsilin keyfiyyətinin aşağı enməsinə gətirib çıxara bilər. Üçüncüsü isə, bu rüşvət və digər neqativ hallara yol aça bilər. Ona görə də fikrimcə, qanun layihəsi qəbul olmaya bilər. Olarsa belə bu tez bir zamanda deyil, ali məktəblərin potensial imkanlarını yaxşılaşdırmalarından sonra növbəti illərdə həyata keçirilə bilər.


İlahə

Şərhlər