access_time Dərc olunub: 13:11
Hansı jurnalistlər mənzil ala bilər?

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”i açıqlanıb.


Musavat.com-un məlumatına görə tədbirdə ilk olaraq çıxış edən Kütləvi İnformasiyalarına Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli dövlət tərəfindən media nümayəndələrinə təqdim olunacaq mənzillər üçün namizədliklə bağlı şərtləri bildirib.

Vüqar Səfərli qeyd edib ki, KİV rəhbərləri sənədlərin düzgün toplanma qaydasına əməl etməlidirlər. Onu da vurğulayaq ki, tədbirdə Milli Teleradio Şurasının rəhbəri Nüşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqa komissiya üzvləri də iştirak ediblər. 


Ümumilikdə komissiyaya KİVDF, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının hər birindən 3 nəfər daxil edilib. KİVDF-dən Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, MTRŞ-dən Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev komissiyada yer alıblar.

Vüqar Səfərli iyul ayında jurnalistlərə təqdim olunacaq mənzillərin son olmayacağına ümid etdiyini də qeyd edib. KİVDF sədrinin sözlərinə görə, jurnalistlər üçün növbəti mənzillərin tikilməsi ölkə başçısının səlahiyyətində olan məsələdir və bu binanın media nümayəndələri üçün son şans olmadığına ümid etdiyini vurğulayıb.

V. Səfərli jurnalistlərə evlərin verilmə şərtlərini də açıqlayıb.

Şərtlərə görə, mənzillər ən azı son üç ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi-televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiyq agentliyi, internet xəbər portalı və saytında çalışan media əməkdaşlarına veriləcək. Qaydalarda o da vurğulanır ki, evlər Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyi irəli sürülə bilər.

Bundan başqa, namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz üç il, KİV-lərdə isə ən azı fasiləsiz on il fəaliyyət göstərməlidir.


Bunun üçün KİV-lər ümumi iclas çağırmalı, şərtlərə uyğun olaraq namizədlərini müəyyənləşdirməlidir.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və jurnallar, informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnal və portallar 3 namizəd müəyyənləşdirə bilər.

Mənzil almaq üçün namizədliyi irəli sürülmüş KİV nümayəndələri üçün şəxsiyyət vəsiqəsinin sürəti, KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada əmək kitabçasının sürəti, namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil ilə bağlı sənədin əsli təqdim olunmalıdır. Bundan başqa, adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilmiş barələrində məhkəmə qərarı olan şəxsləri KİV-lər təqdimat verə bilməz.

Göstərilən sənədlər 2017-ci il mayın 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir.

Öz növbəsində Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.

Mətbuat konfransında yeni binada mənzillərin verilməsi üçün namizədliyi irəli sürüləcək əməkdaşlardan tələb olunan sənədlər açıqlanıb.

Təqdimatlarda namizədin mənzil-şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır. Jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək.


İyulun 22-də binanın açılışı gözlənilir.

Şərhlər