access_time Dərc olunub: 18:22
JURNALİSTİN EVİNİN SÖKÜLMƏSİNƏ HƏMKARLARINDAN REAKSİYA

Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist Hacı Zeynalovun 4-5 ildir min bir əziyyətlə tikdiyi və hələ başa çatdırmadığı evini dağıdıb.


Jurnalistin ev tikməklə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənədlərinin olduğu bildirilir.


Görəsən, jurnalistin qanuni evinin dağıdılması nə dərəcə doğrudur?  

 

Mediainfo.az saytının baş redaktoru Natiq Qocayev TİA.AZ-a bildirdi ki, istər jurnalist olsun, istərsə də digər peşə sahibi, mülkiyyətə dair qanuni sənədlər varsa və ev sökülürsə, bu, cinayətdir: “Qanunları bilərək pozmaq və insan hüquqlarına həmlə etmək birbaşa cinayət əməli sayılır. Çünki insan hüquqları, o cümlədən mülkiyyət hüququ Konstitusiya, Mülki Məcəllə və digər qanunvericilik aktları ilə qorunur. Bir daha təkrar edirəm, mülkiyyətin sənədləri qanunidirsə. Mənim başıma belə bir hadisə gətirilsəydi, bütün instansiyalara, o cümlədən cənab Prezidentə cavabdeh məmurlardan şikayət ərizəsi yazdım. Məsələni yorulmadan ictimailəşdirərdim. Bir sözlə, sonadək mübarizə aparardım”. 


Şərq” qəzetinin redaktoru Ayyət Əhməd bildirdi ki, bu ölkədə icra hakimiyyəti,  bələdiyyə orqanları, Fövqəladə Hallar Nazirliyi və digər qurumların icazəsi olmadan nəinki daş üstünə daş qoymaq, heç torpağa mismar çalmaq da mümkün deyil: “Jurnalist qardaşımızın mənzili tikilib,başa çatıbsa, deməli sözügedən qurumlar "haqq"larını alıb, icazə veriblər. Həmin icra hakimiyyəti başçısına sual verirəm: Bu mənzil, ev qanunsuz tikilibsə, nə əcəb ona indiyə qədər göz yummusunuz? Axı, sizdən icazə almadan heç kim daş üstünə daş qoya bilmir? Mən açığı buna anlaya bilmirəm. Abşeronda da bəllidir. Bir mərtəbəli ev tikirsənsə, icra hakimiyyətinə 3 min manat, ikimərtəbəli ev tikirsənsə 6 min manat "haqq" verməlisən. Gün kimi aydındır ki, zamanında onlar bu "haqq"ı jurnalist qardaşımızdan zorən də olsa, alıblar. Bəs indi niyə dağıdırsınız? Bizim icra hakimiyyətləri hələ də anlamırlar ki, qurulan yuvanı dağıtmaq olmaz. Yox, əgər doğrudan da həmin ərazi qəzalı vəziyyətdədirsə, onda həmkarımıza digər bir ərazidən mənzil ala bilməsi üçün yetərli kompensasiya verilməlidir. Verilmirsə deməli, bu, özbaşınalıqdır. İcra başçıları unutmamalıdırlar ki, onları cənab Prezident xalqa xidmət üçün təyin edib. Yəni onlar xalqa qulluq etməlidirlər, xalqın qayğısını, təssübünü çəkməldirlər. Biz isə bunun əksini müşahidə edirik. Yəni onlar gəlib xalqı, insanları qayğıların girdabına atırlar. Bir də o icra başçıları unutmasın ki, cənab Prezidentin təbirincə desək, Azərbaycan hüquqi, sivil və demokratik ölkədir. Bu ölkədə heç bir məmura haqq verilmir ki, vətəndaşın yuvasını dağıdıb, çöllərdə qoysun. Əminəm ki, ölkə başçısı bu məsələdən hali olarsa, aidiyyatı şəxslərlə bağlı lazımi göstərişlər verəcək. Olmaz belə!”. 


Araşdırmaçı-jurnalist Dünya Sakit bildirdi ki, peşəsindən asılı olmayaraq, hər bir şəxsin mülkiyyət hüququ Azərbaycan Konstitutsiyasında təsbit olunub. Çox təəssüflər olsun ki, Azərbaycanda bu sahədə çox ciddi problemlər var. Ölkədən Avropa məhkəməsinə göndərilən müraciətlərin böyük bir qismi məhz mülkiyyət hüquqlarının pozulması faktları ilə bağlıdır. Bu, o deməkdir ki, vətəndaşlar pozulmuş hüquqlarını ölkə daxilində bərpa edə bilmirlər. Lakin bütün bunlara baxmayaraq, əgər mənim qanuni mülkiyyətimdə olan evimi qanunsuz olaraq sökərlərsə, məhkəmə yolu ilə haqqımı bərpa etməyə çalışaram. Əlbəttə ki, Azərbaycanda buna nail ola bilməsəm, Avropa Məhkəməsinə üz tutaram”.

Qeyd edək ki, həmin sənədlər jurnalistə Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmədovadır.

Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib.

İlahə 

 

Şərhlər