access_time Dərc olunub: 13:39
TANİNMİŞ YAZARLAR KREDİT BORCLARINDAN DANIŞDI

İndiki dövrdə ətrafımızdakı insanlardan kredit borcu olmayan birini tapmaq çox çətindir. 


Maddi vəziyyətində çətinlik yaşayan kimi hər kəsin ağlına ilk olaraq kredit əldə etmək gəlir. Lakin bir nüans var ki, əhali heç özü də bilmədən bankdan asılı vəziyyətə düşür. Manatla kredit götürənlərə nisbətən dollarla kredit götürənlər çox sıxıntı yaşayırlar. Son zamanlar bank va əhali arasında yaranan narazılıqlar, intiharlar, müəllimənin belə bankın şüşələrini sındırması hadisəsi məsələnin pik həddə gəlib çatdığını sübut edir.


TİA.AZ kreditlə bağlı cəmiyyətimizin aparıcı sahələrinin mütəxəssisləri olan jurnalistlər arasında kiçik sorğu keçirib. Görəsən, onların da krediti varmı? 


AFN.az  xəbər portalının baş redaktoru Həbibə Abdulla : “Hazırda 3 banka kredit borcumuz var. Onlardan ikisi dollarla idi. Ötən il birinin üzərinə faiz gəlməklə də olsa manata çevirdik. Digər bank isə bundan qəti surətdə imtina etdi. Manatla olan kreditlərimizi normal ödəyirik, amma dollarla olanı ödəməkdə çətinlik çəkirik, gecikmələrimiz olur. Lakin həmin bankın rəhbərliyinə yazılı müraciət edərək, dolları manata çevirməkdən imtina etdikləri üçün ödənişdə çətinliklərimiz olduğunu bildirmişik və buna görə də hələlik bizi "incitmirlər". Manatla olan kreditlərimiz bitmək üzrədir, yəqin ki, ondan sonra dollarla olanı da ödəməkdə çətinliyimiz olmayacaq.

Bəzən kredit götürənləri qınayırlar. Lakin biz krediti nə ev tikməyə, nə ev əşyası, nə də avtomobil almağa götürməmişik. Daha ciddi problemlər olub, onları həll etmək üçün götürmüşük. Bu kreditlərin mövcudluğunun dolanışığa təsiri çoxdur. Ailədaxili söhbətlərdə həmişə zarafatla deyirik ki, kreditlərimiz olmasa şah kimi yaşayarıq. Çox ciddi maliyyə sıxıntılarımız olur. Amma onu da deyim ki, bu sıxıntılar ailəmizdə söz-söhbətə, narazılığa heç vaxt səbəb olmur. Son vaxtlar boşanmalara, ayrılmalara səbəb olaraq, daha çox maddi çətinliklər önə çıxarılır. Cavanlara, gənc ailələrə məsləhətim odur ki, səbr etsinlər və maddiyyata görə bir-birilərini üzməsinlər”.


Poliqon İnformasiya Agentliyinin baş redaktoru Azər Qaramanlı: “Kreditim yoxdur. Əvvələr olub, bağlayıb qurtarmışam. İndi Allaha şükür ki, yoxdur”.


Şərq.az saytının redaktoru Ayyət Əhməd:  “Mənim kreditim daha böyükdür. Abşeron Gənclər şəhərciyindən ipotekayla ev götürmüşəm. Beynalxalq Banka 14 minə yaxın kredit borcum var. Belə fikirləşirəm ki, 300 manat kirayə verməkdənsə, 1-2 otaqlı ev ipoteka götürmək daha yaxşıdır. Amma ödəyirəm. Çətinliklərim çoxdur. Aldığım əmək haqqının yarısını kreditə verirəm. Kommunal xərclər, yol pulu, üstəlik gənc ailəyəm, bir övladım var. Çox çətindir. Bəzən ödəyə bilmirəm, sağ olsun qardaşım dəstək olur.

Kreditimi manatla ödəyirəm. Bank dollarla təklif edirdi. Bu işdə iqtisadçı-ekspert Nazim Bəydəmirli mənə kömək oldu. Sağ olsun, məsləhət verdi ki, dollarla yox, manatla kredit götürüm. Sevindirici hal budur. Əmək haqqıyla indiki kreditin ödənilməsi məsələsinə gəldikdə, mən aldığım əmək haqqıdan narazı deyiləm. İstər dövlət müəssisələrində, istər özəl müəssisələrdə əmək haqları kifayət qədər aşağıdır. Bu, bütün ölkədə belədir. İqtisadi çətinlik dönəmidir. Çətinliklər olanda redaksiyadan mənə dəstək olurlar. Bəzən jurnaslistlər arasında müsabiqələr olur, yazılarım qalib olur. Mənə elə gəlir ki, jurnalistlər arasında ən çox krediti olan mənəm. Çətinlik çəkə-çəkə yaşayırıq”. 


NUH.AZ saytının baş redaktoru  Kamran Məhərrəmli:  ““Unibank”dan manatla kredit götürmüşəm. Təxminən 6 aydır ki, ödəyə bilmirəm”.


Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov: “Kreditim yoxdur. Kredit sisteminin tam əleyhinəyəm. Heç vaxt kredit götürməmişəm”.


Cebhe.info saytının müxbiri Alçina Bəşirli:  

 “Hazırda kreditim yoxdur. Var idi, bitdi”.

 a24.az portalının şef redaktoru Cəlil Cavanşir: “Mənim kredit borcum yoxdur. Kredit almaqdan qaçıram. Ümid edirəm ki, bizim banklara işim düşməyəcək”.


 “Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova : “Kreditim yoxdur, heç vaxt da olmayıb və mümkün qədər götürməməyə çalışıram. Əslində kredit ehtiyacları həll etmək üçün sərfəli, faydalı üsuldur. Dünyada maddi vəziyyətindən asılı olmayaraq, hər kəs yararlanır, amma mən bank faizləri 20%-dən yuxarı olan bir ölkədə kredit götürsəm, ailə büdcəsinə ziyan vurmuş olaram. Götürəsi olsam yalnız təhsil və sağlamlıq üçün götürərəm. Məişət əşyalarından isə soyuducu üçün, qalan şeylər zəruri deyil”.

 

Cümhuriyət” qəzetinin müxbiri Rövşən Əsədov: Kreditlə bağlı şükürlər olsun ki, heç bir problem yaşamıram. Səbəbi isə kredit götürməməyimdir. İndiyə qədər heç vaxt kredit götürməmişəm, ona görə yox ki, imkanım buna yol verir. Ona görə ki, şərtləri məni qane etmir. Hətta adi bir telefonun alınması üçün o qədər qəliz şərtlər tələb olunur ki, kredit götürülməsi mümkünsüz olur. Mən də telefonumu kreditlə almaq istəyirdim, lakin şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, iş yerindən arayış tələb olundu. Ona görə də ala bilmədim. O sənədləri əldə etmək üçün xərclədiyim pulla, mən o telefonu nəğd da ala bilərdim. Bundan başqa zamin tələb olunur. Anlayıram, prosedur qaydaları və tələblər belədir, lakin bu tələblər heç də alıcının maraqlarına hesablanmayıb. Bu azmış kimi kredit şərtləri də çox qəliz və anlaşılmaz dildə dərc olunur. Məsələn, sıravi bir fəhlə, yaxud yaşlı bir təqaüdçü o müqavilə, kredit şərtlərini incə-incə oxusa belə bir şey anlamayacaq. O qədər terminlərdən və mürəkkəb ifadələrdən istifadə edilir ki, müştəri onu anlamadan, hətta evinin də satılması üçün müqaviləyə imza ata bilər. Hesab edirəm ki, bu sahədə nöqsanlar kifayət qədərdir. Təbii ki, bu mənim subyektiv fikirlərimdir. Ona görə də kredit götürmə imkanım, şansım olmayıb. Bunun üçün də özümü şanslı hesab edirəm.  Heç vaxt kredit götürmərəm. Dolların, manatın qeyri-stabil vaxtında riskə getmək olmaz”.


1news.az saytının müxbiri Babək Cahandarov : “Özüm üçün heç vaxt kredit götürməmişəm və götürmək fikrim də olmayıb. Amma bir neçə dəfə kredit götürən tanışlarıma zamin durmuşam.

İnkişaf etmiş bir çox ölkələrdə kredit götürmək hər hansı problemin həlli üçün yaxşı çıxış yolu hesab olunur. Təəssüf ki, bizdə bunun tam əksini müşahidə edirik. Azərbaycanda kredit götürmək ağrılı məsələdir. Faiz dərəcələri olduqca yüksəkdir. Müştərilərin isə maraqları nəzərə alınmır. Kredit verilən zaman ciddi qanun pozuntularına yol verilir. Ümumiyyətlə, bu sahədə vəziyyəti düzəltmək üçün ciddi tədbirlərə ehtiyac var”.


 “Cümhuriyyət” qəzetinin yazarı Lalə Mehralı: “Hazırda kreditim yoxdur. Məcbur olmadıqca borca girməyi lüzumsuz hesab edirəm. Əgər televizorum köhnə modeldirsə, yenisini almaq üçün heç vaxt kreditə girmərəm. Mən əlimdə olanlarla kifayətlənməyi bacaran biriyəm. Bir dəfə kreditim olub, onda da işim üçün vacib olan əşyanı - kompüteri kreditə götürmüşdüm. Ümumiyyətlə, borcdan qorxan adamam”.


Araşdırmaçı-jurnalist Dünya Sakit:Kreditimiz var, yoldaşımın adına götürmüşük. Faizlərilə birlikdə ümumi məbləğ 6-7 min azn olar. Aylıq ödənişimiz 200 manatdır, daha bir kreditimiz bir qohumla birlikdədir. Ona ayda 100 manat ödəyirik. Bir də aylıq 200 manata yaxın kredit kartına ödəniş edirik. Yəni, ayda 500 manatlıq ödənişimiz var. Hamısını ötən il evimizi tikdirəndə götürmüşük.

Hələ ki, ödənişləri gecikdirməmişik. Allahın köməkliyi ilə bu il bir hissəsindən qurtula biləcəyik. O birisi isə, 3 illik bir kreditdir.  Ödənişləri Beynəlxalq Banka edirik”.


Ölke.az saytının reportyoru Səxavət Məmməd:  “Kreditim yoxdur. Kredit götürməməyim imkanlı olmağımdan irəli gəlmir. Sadəcə, bankların cənginə keçmək istəmirəm. Dostlarım, tanışlarım arasında kredit götürənlər var, onların düşdüyü vəziyyəti görəndən sonra heç vaxt kredit götürmərəm. Götürək, bizə daha yaxın olan Türkiyəni. İnsanlar kredit götürüb iş qurur, düşdüyü çətin vəziyyətdən çıxır, Azərbaycanda isə kredit götürən belə desək, “zibilə” düşür. Gördüyüm, eşitdiyim, bildiyim qədər Azərbaycanda banklar soyğunçuluq edir. Bəzi banklar daha da irəli gedərək banditizmlə məşğuldur. Belə ki, problemli kreditləri olan şəxslərin hədələnməsi, "söhbət"ə çağrılması, döyülməsi sirr deyil. Bütün bunları nəzərə alaraq, kredit götürməməklə bağlı özümə söz vermişəm”.


Bakıpost.az agentliyinin baş redaktoru Elçin Məlikli Zahiroğlu:  “Kreditim yoxdur”.


Arqument. az portalının baş redaktoru Şəmşad Ağa: “Hazırda kreditim yoxdur. Əvvəl var idi, bağlamışam. Çox da böyük məbləğ olmayıb”.


 “Palitra” qəzetinin müxbiri  Nigar Abdullayeva: “Hələki, kredit götürməmişəm”.


Teleqraf.com saytının müxbiri Nərmin Muradova:  “Hazırda kreditim yoxdur. Vaxtilə bankdan 1000 manat kredit götürmüşdük,  onu da ödəyib qurtarmışıq. Hər zaman vaxtlı- vaxtında ödəyirdik”.


24saat.org portalının yazarı Emil Salamoğlu:  “10 illik mənzil kreditim var. 5 ilini ödəmişəm, 5 ili qalıb. Hər ay 378 manat ödəniş ediriəm. İlk üç ildə o qədər də çətin olmadı, çox gözə görünmürdü. Ancaq manatın "qətli" işimi ağırlaşdırdı. Güc-bəla ilə ödəyirəm. Çünki indi bu məbləğ bir maaşa bərabər səviyyədədir”.


İlahə

Şərhlər