Rəcəbli və Mirələmov üçün həzin “son”: “Vaxtım bitəndə ətəyimi dart…”backend

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri ləğv edilib.

Bunlar 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.

MSK-nın açıqladığı rəsmi nəticələrə görə, 33 saylı Xətai Birinci və 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədləri Hüseynbala Mirələmov və Hadi Rəcəbli idi.

Niyə bu iki şəxsin üzərində dayanırıq? Birincisi, ona görə ki, onların ikisinin yaxşı dostluq münasibətləri var. İkincisi, hər ikisi mətbuatda qalmaqallı və ictimai rəydə kəskin etirazla qarşılanan fikirləri ilə yadda qalıb.

H.Rəcəbli dəfələrlə Milli Məclisin iclaslarında və müsahibələrində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

H.Rəcəblinin müəllimlərə yeni “iş yeri” – fəhləlik təklif etməsi rezonans doğurmuşdu.

“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir.

Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki? Amma adam da var ki, gəlib deyir ki, mənim övladıma bir iş düzəlt. Məlum olur ki, oğlunun nə ali təhsili, nə də əlavə bacarığı var. Deyirəm, bəs nə əcəb tikintiyə işləməyə göndərmirsən? Deyir, aaa, bəs ayıb deyil? Deməzlər ki, filankəsin oğlu fəhləlik edir? Bu yanaşma düzgün, doğru deyil.

Axı o niyə daş daşımamalıdır? Niyə fəhlə olmamalıdır? Cəmiyyətdə bəzilərinin belə məsələlərə baxışı kökündən doğru deyil. Axı halal yolla pul qazanmaq ayıb olmamalıdır”, – deyə Hadi Rəcəbli bildirmişdi.

H.Rəcəblinin Qarabağ əlilləri ilə bağlı dedikləri də qalmaqal yaradanlar siyahısındadır.

Onun “nə edirsən, yenə də elə narazı qalırlar” deməsi, əlillərin yeni maşınlar tələb etdiyini iddia etməsi narazılıqla qarşılanmışdı.

Onun evlərdə bəzi xanımların qab yuya, yumurta bişirə bilmədiyini deməsi də müzakirələrə səbəb olmuşdu.

“Çox təəssüf ki, hələ də evə gələn gəlinlərin qab yuya, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əlini əlinin üstünə qoyub oturub, ailənin sahibliyi qadındadır, ailəni xanım edir”, – deyə H.Rəcəbli qeyd etmişdi.

O, 71 yaşı münasibətilə verdiyi müsahibədə “Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə, günlərə ehtiyacım var” deməsi da sərt tənqidlə qarşılanmışdı. Sosial şəbəkə istifadəçiləri onun bu fikirini paylaşıblar. H.Rəcəblinin xoş sözə ehtiyacı olduğunu deməsi də təhqirlə müşayiət olunan etirazla qarşılanıb.

Cəmiyyət H.Rəcəblinin Azərbaycanda sosial şəbəkələrin bağlanması ilə bağlı təklifini də “topa tutmuşdu”.

H.Rəcəbli isə sonradan mətbuata müsahibəsində fikrini təkzib etməyə çalışmışdı.

“Mən demişəm ki, internet bağlansın, bütün saytlar bağlansın, “Facebook” bağlansın?.. Onu deyənin… Dəqiq oxuyun”.

Lakin jurnalist müsahibə əsnasında H.Rəcəblinin sitatını xatırladır:

“Onda sitatı oxuyum sizə. Sitat belədir: “Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.

H.Rəcəbli isə cavabında bildirmişdi: “Bəli, onu demişəm. Amma başlığı necə yazıblar? Başlığa çıxarıblar: “Azərbaycanda sosial şəbəkələri bağlamaq lazımdır”.

H.Rəcəblinin Azərbaycanda doğuş sayının azalmasının səbəblərini izah etməsi də müzakirələrə yol açmışdı.

“Bizdə deyirlər ki, doğuş azalıb. Nədən azalıb? Təzadlı görünsə də, bizim durumumuzun yaxşılaşmasına görə”, – deyən H.Rəcəbli daha sonra əlavə edib:

O, Azərbaycanda istehlak mədəniyyəti ilə bağlı problemə toxunarkən də gündəmə gəlmişdi.

“Avropa ölkələrində işığı söndürmədən otaqdan çıxanı görməzsən. Bizdə isə bu məsələ hələ də sovet psixologiyası ilə idarə olunur. Bizim insanlar qənaət etmək istəmirlər, qənaətcilliyi ayıb sayırlar. Bütün bunlar bizi düşündürməlidir və gənclərimizə də bu keyfiyyətləri aşılamalıyıq”.

H.Rəcəbli başqa açıqlamaları da gündəmə gəlib.

Onun dostu Hüseynbala Mirələmov isə Azərbaycan xalqına özünəməxsus tərzdə diyeta təklif etməsi böyük səs-küyə səbəb olmuşdu.

O demişdi: “Ayağını yorğanına görə uzat. Azdır, az ye, çoxdur, çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.

H.Mirələmov daha sonrakı açıqlamasında məlum ifadəni zarafatla işlətdiyini deyib. H.Mirələmov ona qarşı təhqirlərə cavab verərək bildirib:

“Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı kontekstdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, indiki dövrdə xanımlarımızın çoxu “fiqura” saxlamaq üçün heç nə yemir-içmir. Özü də bir neçə dəfə dedim ki, bu, zarafatdır. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb”.

Mətbuatda H.Mirələmov haqqında mənfi rəy yaradan digər məlumatlar da yayılıb.

H.Rəcəbli ilə H.Mirələmovun dostluğuna gəlincə… Onlar bir-birini hələ məktəb illərindən tanıyır. Eyni orta məktədə oxuyublar. H.Rəcəbli bu yoldaşlığın sonradan möhkəm dostluğa çevrildiyini söyləyib.

Sonradan onlar Milli Məclisdə də “parta yoldaşı” olublar. H.Rəcəbli bu barədə danışarkən bildirib:

“Sonradan tale elə gətirdi ki, Milli Məclisdə də yanaşı əyləşdik. Hər ikimiz həmişə deyirik ki, bizə göz dəyməsin. Çünki belə xoş təsadüflər nadir hallarda olur”.

H.Rəcəbli verdiyi müsahibədə H.Mirələmovun deputat seçiləndə onunla etdikləri zarafatdan da danışıb:

“Hüseynbala müəllim deputat seçiləndə zarafat edib deyirdik ki, sən de-fakto deputatsan, de-yure deputat deyilsən. Bir dəfə onun məsələsi həll olandan sonra dedi ki, artıq mən də de-yure deputatam”.

H.Rəcəbli Milli Məclisdəki çıxışları zamanı “yoldaşına” müəyyən göstərişlər verdiyini də etiraf edib. Deputat Milli Məclisdə çıxış edərkən “parta yoldaşına” onu dayandırmaq üçün ətəyini dartmağı tapşırır:

“Bir də görürsən ki, Milli Məclisdə çıxış edirəm. Dayanmaq bilmirəm. Ona deyirəm ki, vaxtım bitəndə mənim ətəyimi dart. O da vaxtın bitməsinə az qalanda ətəyimi dartır ki, vaxtın bitir. Bax, biz belə parta yoldaşıyıq” (Modern.az).

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilən H.Rəcəbli və H.Mirələmov Yeni Azərbaycan Partiyasının namizədi idilər.