Rasim Balayev qanunu pozan məmurlardan danışdı: “Cəzalandırılmalıdırlar ki, hamıya görk olsun”backend

Rasim Balayev qanunu pozan məmurlardan danışdı: “Cəzalandırılmalıdırlar ki, hamıya görk olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin və sabiq deputat Hadı Rəcəblinin qanunlara və dövlətə qarşı gələrək karantin günlərində nəvələrinə təmtəraqlı şəkildə toy etmələri ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Siyasətçilər,  ictimaiyyət nümayəndələri məsələyə biganə qalmayıb, öz mövqelərini bildirir, tənqidi fikirlər səsləndirirlər.

Xalq artisti Rasim Balayev də məsələ ilə bağlı Musavat.com-a danışaraq bildirib ki, qanun hər kəs üçündür:

“Hətta belə bir deyim var ki, “Qanun şahdır, şah qanun deyil”. Əgər qanun qəbul edilirsə, o hamıya aid olmalıdır. Varlılar kimi kasıblar da öz övladlarına toy etmək istəyirlər. Amma ölkədəki mövcud karantin vəziyyətinə görə hər kəs bu arzusunu təxirə salıb. Yəni, qanunlara əməl edirlər.

Pandemiya dövründə çoxlu sayda qohum-əqrəbam rəhmətə getdi. Lakin mən onların yasına gedə bilmədim. Hətta zəng vurub özləri bildirirdilər ki, gəlməyə ehtiyac yoxdur. Məlum olduğu kimi koronavirus neçə aydır ki, bütün dünyanı cənginə alıb. Bu virusdan qurtulmaq istəyiriksə, qoyulan qadağalara əməl etməliyik.

Əgər vəzifədə olanlar, qanunu təsdiq edən parlament üzvləri bu qanunları pozursa, əlbəttə ki, camaat narazı qalacaq, sual verəcək ki, “bu qanun elə kasıb-kusub üçündür?”. Bu cür davranışlar cəmiyyətdə insanların hökumətə qarşı inamını sarsıdır, xoşagəlməz rezonans yaradır.

Bu səbəbdən əgər vəzifədə olanlar, parlamentdə oturanlar qoyulan qaydaları pozurlarsa, onlara qarşı ən sərt cəza tədbirləri görülməlidir ki, hamıya görk olsun. Camaat da görsün ki, qanunu pozan vəzifəlilər, rəhbərlikdə olan şəxslər də cəzalandırılır”.