Ramiz Mehdiyevin yanında olan sabiqlər – SİYAHIbackend

Ramiz Mehdiyevin yanında olan sabiqlər – SİYAHI

Ramiz Mehdiyevin Prezident Admistrasiyasının rəhbəri vəzifəsindən azad olunmasından 8 ay ötür. “Yaşlılarla vida” kontekstində ordenlə yola salınan Ramiz Mehdiyev “ağ bina” rəhbərliyindən gedəndən sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna gətirildi. Fəaliyyətə sələfini “pokazuxalıq”la məşğul olmaqda ittiham etmək və bununla gələcəkdə ciddi dəyişikliklərə gedəcəyi anonsunu verməklə başlayan sabiq PA rəhbəri ətrafına kifayət qədər keçmiş məmurları toplaya bilib.

Təsadüfi deyil ki, bu gün AMEA-nin yuxarı eşalonunda, daha doğrusu, Ramiz Mehdiyevin yanında çoxlu sayda iriçaplı sabiq məmurlar təmsil olunur ki, bu məqalədə onların fəaliyyətindən bəhs olunacaq.

SOSİUM.az bununla bağlı araşdırma aparıb və məlum olub ki…

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov AMEA prezidentinin müşaviri vəzifəsində çalışır. Uzun müddət AMEA Genetika və Seleksiya İnstitutunun direktoru işləyən U.Ələkbərov 8 ildən artıqdır Dövlət İdarəçilik Akademiyasına rəhbərlik edir və iddialara görə, onun rektor təyin olunmasında Ramiz Mehdiyevin xüsusi rolu olub. Təsadüfi deyil ki, R.Mehdiyevin özü də uzun müddət İdarəçilik Akademiyasında kafedra müdiri olub. Hazırda Prezidentin sabiq köməkçisi Əli Həsənov bu akademiyada çalışır və “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edir.

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov da AMEA-da prezidentin müşaviri postunu tutur. Nazir təyinatına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru işləyən Ə.Abbasovun həmin dövrdə AMEA prezidenti gətiriləcəyi gözlənilsə də, bu baş vermədi. O, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edildi. Hazırda AMEA-da müşavir fəaliyyəti ilə yanaşı “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsini daşıyır. Hansı ki, bu müəssisə AMEA-da əsas strateji qurumlardan sayılır.

Sabiq Təhsil naziri, professor Misir Mərdanov da AMEA-nın yuxarı eşalonunda təmsil olunur. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini daşıyan M.Mərdanov eyni zamanda riyaziyyat və mexanika elmləri üzrə dissertasiya şurasının sədridir. Nə az- nə çox, düz 15 il ölkə təhsilinə rəhbərlik edən Misir Mərdanovun o zamankı fəaliyyəti bu gün də kəskin tənqid olunur.

Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov da AMEA sistemində yüksək mövqeyə sahibdir. Belə ki, sabiq rektor AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının üzvüdür. Eyni zamanda BDU-da professor olaraq fəaliyyətini davam etdirir. “Zərif üzvi sintez” elmi-tədqiqat laboratorayasının rəhbəri olan A. Məhərrəmov Avrasiya Universitetlər Assosiasiyasının vitse-prezidentidir.

AMEA prezidentinin müşavirlərindən biri də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovdur. AMEA-da aqrar məsələləri kurasiya edən Q.Məmmədov eyni zamanda BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir. Komitə sədri təyinatına qədər Milli Məclisin deputatı olan Qərib Məmmədov hazırda coğrafiya və ekoloji problemlərin araşdırılması ilə məşğuldur.

AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov uzun müddət Milli Məclisin deputatı olub. Eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə rəhbərlik etmiş E.Məmmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Azər Niftiyev, SOSİUM.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki