Tribuna İnformasiya Agentliyi

Ramiq Bayramov: “Bizim maddi qazancımız həmişə az olur”-

17 Noyabr

TİA.AZ  2013-cü ildə keçirilmiş Televiziya Muğam Müsabiqəsinin qaliblərindən olan Ramiq Bayramovun ölkə.az-a müsahibəsini təqdim edir: 

TİA.AZ  2013-cü ildə keçirilmiş Televiziya Muğam Müsabiqəsinin qaliblərindən olan Ramiq Bayramovun ölkə.az-a müsahibəsini təqdim edir:

– Ramiq bəy, istərdim əvvəlcə özünüz haqda qısa məlumat verəsiniz…

 2008-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. Xalq artisti, professor Mənsum İbrahimovun tələbəsi olmuşam. Məhz sizin vasitənizlə həm ustadıma, həm də üzərimdə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Məzun olduğum il Türkiyədə Uluslararası Festivalda bir neçə şəhərdə çıxışlar etmişik. 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş ali təhsil Mmüəssisələri arasında musiqi festivalında ikinci yeri tutdum. Orada Canəli Əkbərov, Səkinə İsmayılova kimi görkəmli xanəndələrimiz münsif idilər. Elə həmin il Televiziya Muğam Müsabiqəsinə sənədlərimi verdim və bu müsabiqədə üçüncü oldum. Həmin müsabiqədə Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova, üçüncü yeri isə mən və Babək Quliyev tutmuşduq.

– Bildiyimə görə, həm də pedaqoji fəaliyyətiniz var.

– Bu ildən Bakı Humanitar Kollecində xanəndəlikdən dərs keçirəm.

– Hazırda yaradıcılığınızın qaynar dövrüdür. Tədbirlər, konsertlər, səsyazmalar və eyni zamanda pedaqoq faəliyyəti. Biri digərinə mane olmayacaq?

– Əksinə, öz peşəmi, bilgilərimi təkmilləşdirirəm. Ustadlarımız da deyirlər ki, bu yaşımızda öyrənirik. Ona görə mənim o haqda danışmağım çox tezdir.

– Şou aləmindəki qalmaqallar, dedi-qodular hamımıza məlumdur. Amma bilirəm ki, muğam ifaçıları arasında heç də şou aləmindəkilərdən geri qalmayan, hətta düşmənçilik səviyyəsinə gəlib çıxan məsələlər var. Şou aləmini anladıq, bəs bu aləmdə nə şərikdir ki, muğam ifaçıları onu bölüşdürə bilmirlər?

– Şou aləmiylə işim yoxdur. Bizim sənətdə daha çox çalışmaq lazımdır. Pul qazanmaq yaxşı şeydir və hər kəsə lazımdır. Ancaq dövlət tədbirlərində iştirak etmək, muğamı, milli-mənəvi dəyərləri yaşatmaq da vacibdir. Bunu da hər kəs eləmir axı. Bəzən görürsən ki, nələrdəsə narazılıq yaranır. Amma ümumi götürəndə xanəndələrin əksəriyyəti musiqimizə xidmət edirlər.

– Bunlar aydındır. Soruşuram ki, xanəndələr nəyi bölüşdürə bilmirlər?

– (gülür) Ətrafımdakılar da bilir ki, dolaşıq məsələlərlə işim yoxdur. Kimin nə intriqası var, özü bilər. Muğam yeganə janrdır ki, bu sahədə hər kəs bir-biriylə mehribandır, xeyir-şərinə yarıyırlar, dar gündə dəstək olurlar.

– Bu dediyiniz fikrə özünüz inandınızmı? Amma tam səmimi cavablandırın…

– Öz adıma deyirəm. Hər zaman hər kəslə mehriban olmağa, hörmət saxlamağa çalışmışam. Muğam özü yüngüllüyü sevməyən bir janrdır. Muğam deyəndə hər kəs özünü bir az toparlayır. O qədər şərəfli sənətdir ki, dövlət də buna qayğı göstərir. Mən özüm Heydər Əliyev Fondunun Televiziya Muğam Müsabiqəsindən çıxmışam. Yüngül janr olsaydı, dövlət dəstək olmazdı.

– Muğam ifaçılarının bəziləri estradaya meyillənirlər. Sizcə səbəb maddiyyatdır, yoxsa?

– Muğam oxumaqda pul yoxdur. Ona görə camaat şouya qaçır. Ona görə gedib yüngül-yüngül mahnılar oxuyurlar. Muğamda isə ənənəni yaşatmaq var. Həmişə muğam ifaçılarının maddi qazancı az olar.

– Yəqin ki, toy qiymətlərinizdə də fərq olur.

– Bəli, fərq var. Şounu deyə bilmərəm, orada deyəsən hərə özünə qiymət qoyur. Bizdə isə insanların imkanını nəzərə almaq var.

– Olurmu ki, efirdə mənəm-mənəm deyən hansısa şou müğənnisiylə eyni toya düşəsiniz və sıxışdırasınız?

– Xarakterimdə insanları əzmək yoxdur. Onsuz da biz ifa edəndə insanların verdiyi reaksiyadan hər şey bəlli olur. O çox aldı, mən az aldım kimi fikirlər düşünmürəm. O da deyər ki, səni kim məcbur edir, gəl oxu, al. Muğam mənim canımda, qanımdadır. Milli musiqiyə xidmət etməyə məni heç kim məcbur etmir, öz içimdən gəlir.

– Əslən Ağcabədi rayonundansınız. Ağcabədinin məşhur xanəndələrindən olan Yaqub Məmmədovla ünsiyyətiniz olubmu?

– Allah Üzeyir bəyə rəhmət eləsin. Qarabağ muğamın beşiyidir. Hacı Hüsü, Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Arif Babayev, Mənsum İbrahimov, Əbülfət Əliyev… Söhbət təkcə Ağcabədidən gedirsə, Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yetim Paşa, Səfa Qəhrəmanov kimi sənətkarlarımız olub. Qəzənfər Abbasov kimi sənətkarımız var. Cabir Həsənov, Könül Kərimova, Tağı Salehoğlu da bu gün Ağcabədi musiqisini təmsil edirlər.

– Bəzən muğamı bir neçə istiqamətə bölürlər-Qarabağ, Şirvan, cənub. Sizcə bu bölgü nə dərəcədə doğrudur?

– Əslində, bu heç də yaxşı hal deyil. Ölkəmizi xaricdə təmsil edəndə demirik ki, qarabağlıyıq, şirvanlıyıq. Bu bölgünü dar düşüncəli insanlar aparırlar. Muğam da, xalqımız da, vətənimiz də bizimdir. Məgər Qarabağda muğamı qəzəllə oxumurlar? Bu qədər xanəndələr muğamı qoşmaya, şeirə, havaya oxuyub?

– Bir az da özünüz haqda danışaq. Bildiyimə görə at həvəskarısınız.

– Bu mənim ilimdən də ola bilər. At sürməkdən həzz alıram. Gələcəkdə imkanım olarsa, hətta Bakıda yaşasam belə, uzun hörüklü Qarabağ atı saxlamaq istəyirəm. Bildiyiniz kimi Qarabağ atları dünyada məşhurdur. Həmişə də rayonda atımız olub, sürmüşük də, çapmışıq da.

– (zarafatyana) Sizi ən yaxşı at çapan muğam ifaçısı saymaq olar?

– Onu mən deyə bilmərəm. Hər halda, orta məktəbi bitirənə qədər kənddə böyümüşəm. Yaxşı at çapmağım var. Əməkdar artist Ramil Qasımovun muğam müsabiqəsinin qalibləriylə bağlı bir layihəsi vardı. İsmayıllı rayonunda həmin layihənin çəkilişləri oldu.

– Başqa hansı hobbiniz var?

– Təkliyi həddən artıq sevən adamam. Uzun yol gedəndə musiqi dinləməyi xoşlayıram.

– Kimləri dinləyirsiniz?

– Klassik musiqiləri daha çox sevirəm. Muğama gəlincə, Xan əmi, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Əbülfət Əliyev, Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Mənsum İbrahimov kimi sənətkarlara qulaq asıram, öyrənirəm.

– Bəs estrada?

– Hind musiqisindən tutmuş, öz estradamıza qədər dinləyirəm. Daha çox Röyaya qulaq asıram.

– Sizcə niyə muğam ifaçılarının dinlədiyi estrada müğənnisi məhz Röyadır?

– Röyanın səsinin tembri də maraqlıdır, ifası da fərqlidir. Ona görə də fərqlilir seçilir və sevilir. Yəni, Röyanı bəyənməkdə qeyri-adi bir şey yoxdur.

– Həmkarlardan kimlərlə dostluq edirsiniz?

– Bütün həmkarlarımla münasibətim gözəldir.

– Məhərrəm ayını sənət adamlarının ən çətin ayı hesab edirlər…

– (gülür) Hər kəsin sıxıntısı var. Amma heç vaxt şikayət edən adam deyiləm. Allahın verdiyi hər nemətə, açdığı hər sabaha şükr edirəm.

– Siyasətlə aranız necədir?

– Baxıram, mətbuatı, dünyada baş verənləri nəfəs almadan izləyirəm. Çünki məlumatlı olmaq yaxşı şeydir.

– Amerikanın yeni prezidenti kimdir?

– Donald Tramp.

– Sizcə onun prezident seçilməyi Azərbaycana nə qazandıracaq?

– (düşünür) Bu sualı gözləmirdim. Siyasət dərin aləmdir, oyundur da. Hazırda ərazimizin 20 faizdən çoxu işğal altındadır, 25 ildir eyni zülmü çəkirik. Bizdən də gözəl bilirlər ki, işğalçı kimdir. Sadəcə, bunu qəbul etmək, başa düşmək istəmirlər. Çünki hər kəs öz mənafeyini güdür. İnanmaq istərdim ki, indiki durum bizə düşərli olacaq. Əsas odur ki, prezidentimizə, ordumuza güvənirik. Bəlkə də indiki ordumuz 20-25 il əvvəl olsaydı, bu qədər ərazimizi işğal edə bilməzdilər.

– Sizcə niyə siyasətlə bağlı sual verdim?

– Bilmirəm axı.

– Çünki yetərincə ölçü-biçili, siyasətçisayağı cavablar verirsiniz…

– Öz fikirlərim var, amma siyasətə girişmək istəmirəm. Əsas odur ki, ölkəmizdə sabitlik, güclü ordu var. İnanıram ki, tezliklə işğal olunmuş torpaqlarımızı da azad edəcəyik. Ölkə başçımız da hər zaman bunun üzərində çalışır.

– Son zamanlar bir sıra sənət adamlarını stadionlarda görmək olur. Əksəriyyəti də “Qarabağ”ın oyunlarına gedir. Bəs siz necə?

– İki-üç dəfə getmişəm. Amma orada səs-küy, artıq-əskik söhbətlər olur deyə, elə yerlərdən uzağam. Amma efirdən hər zaman izləyirəm. Futbola marağım yoxdur, amma “Qarabağ”ın oyunlarına baxıram.

– Bəs milli komandanın oyunlarına baxırsınız?

– Xeyr, ancaq “Qarabağ”ın oyunlarını izləyirəm.