Tribuna İnformasiya Agentliyi

Qurban bayramında necə qidalanmaq lazımdır?

12 Avqust

Həkimlərdən həyəcan təbili: əgər evinizdə qurbanlıq ət varsa….

4 günlük Qurban Bayramında süfrələrimiz müxtəlif təamlarla zənginləşir. Xüsusən qurban ətindən hazırlanan fərqli yeməklər, yemək sonrası şirniyyatlar süfrələrimizin vazkeçilməzidir.

Bəs həkimlər nə məsləhət görür? Bu günlərdə mədəmizi, dolayısı ilə orqanizmimizi yükləməmək üçün nələr etmək məsləhətdir?

Musavat.com Türkiyə mediasına istinadla bu günlərdə qida rasionunun norması ilə bağlı qaydaları sizlərin nəzərinə çatdırır.

Həkimlərin məsləhətinə görə, bayram günlərində bişirilən yeməklərdə yağlılıq maksimum azaldılmalıdır. Məsələn, əgər ətdən mütləq qovurma bişiriləcəksə, xörəyin içərisinə kərə yağı və ya quyruq piyi qoyulmadan öz suyunda, vam odda hazırlanmalıdır. Bundan başqa, yeməkdən sonra açılan çay süfrəsində olan şirniyyatların dadına baxmağa tələsmək lazım deyil. Ya da aralarında ən yüngül olanını seçib yemək lazımdır.

Bayram günlərində qara çaydan daha çox istifadə olunur. Çay adətən, şirniyyat və şokoladlarla qəbul edilir. Bu da yağlı və kalorili qidalardan sonra mədənin işini daha da çətinləşdirir. Şirniyyat, şokoladla içilən çay mədə problemləri ilə yanaşı, yuxusuzluq və ürəyin ritm pozuntusuna səbəb ola bilər. Ona görə də, qəbul etdiyiniz kalorili bayram yeməklərindən sonra qara çay əvəzinə, yaşıl və ya bitki çayları için.

Bundan başqa, adi günlərdə fərdi pəhriz saxlayan insanlar bayram günündən dolayı qida rejimlərini pozmamalıdır. Bu günlər də digər günlər kimi yemək paylarını 3 dəfəyə bölərək yüksək kaloridən qaçmaq lazımdır. Bunun üçün 3 dəfə əsas yemək vaxtı paylarını azaldıb, digər 2 dəfə ara yeməklərdən istifadə etmək gərəkdir. Ayran, qatıq, pendir kimi süd məhsullarından çox istifadə etmək lazımdır. Əgər ara və əsas qida qəbulu zamanı kalorili ət yeməkləri qəbul olunacaqsa, bu zaman kifayət qədər göyərtilər, ədviyyatlardan istifadə olunmalıdır.

Dietoloqlar bayram günlərinin menyusunu da açıqlayıb. Bayram gününün səhəri yüngül qəlyanaltı ilə başlamaq lazımdır. İkinci səhər yeməyi və ya ara yeməyində hər hansı meyvə və ya 1 stəkan qatıq, ya da ayran içmək lazımdır.

Günorta yeməyinə isə seçdiyiniz ən kalorili xörəyi qəbul edə bilərsiniz. İkinci nahar və ya ara yeməyinə isə tərəvəzlərdən ibarət salat yesəniz, sağlamlığınızı qorumuş olarsınız. Şam yeməyinə gəlincə, ətli, yağlı yeməkləri seçməmək tövsiyə olunur.

Çay, qəhvədən istifadədə həddi aşmayın. Daha yaxşı olar ki, onları bitki çayları ilə əvəz edəsiniz.

Şirniyyatdan mümkün qədər uzaq durmağa çalışın. Un məmulatları yerinə isə südlü, meyvəli şirniyyatları seçin. Bayram günlərində bol-bol hərəkət etməyə çalışın.

Aşbazlar isə qurbanlıq ətin istifadəsi ilə bağlı maraqlı tövsiyyələr verir. Belə ki, qurban ətini kəsilən kimi istifadə etmək məsləhət deyil. Çünki bu zaman o bir az sərt olur. Kəsdikdən sonra 24 saat ərzində soyuducuda saxlanılsa daha ləzzətli və yumşaq olar. Bundan əlavə asan bişib, rahat həzm edilə bilər.

Ət proteinlə bol olduğu üçün istiyə həssasdır və asanlıqla xarab ola bilər. Buzluqdan çıxarılan əti yaxşı olar ki, elə soyuducunun üst qismində buzunu açın. Çünki açıq havada və ya isidicinin üzərində buzu açılan ət zəhərlənməyə yol aça bilər. Donu açılan əti yenidən dondurmayın.

Ət və başqa ərəvəzləri doğrama taxtası,bıçaqlar ayrı olmalıdır. Əti bişirən zamanda doğru olan yönləri seçmək lazımdır. çünki qızartma və qovurma sağlamlıqla bağlı təhlükə risklərini artırırş Daha sağlam yollar kabab, soyutma və ya mövsümü tərəvəzlərlə birlikdə qazanda bişirməkdir. Kabab edərkən zərərli tüstüsünün ətə keçməməsi üçün kömürlərin tam yanmasını gözləmək lazımdır. Bundan sonra da ətlər közdən azı 15 sm aralı olmalıdır.

Daha bir detal. Qurban bayramında qida rasionun ancaq ətdən ibarət olması məqsədəuyğun deyil. Gündəlik ət qəbulu 60-120 qramı keçməməlidir. Bayramda çəkini artırmaq riskidə artır. Buna səbəb isə rejimsiz qəbul edilən qida, qonaqlıqlardır.

Sevinc,