Qurban bayramı insanları halallığa və paklığa səsləyirbackend

Qurban bayramı insanları halallığa və paklığa səsləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban Bayramı müsəlmanların önəm verdiyi bayramlardandır. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.

İslam dininin ən vacib sayılan fərzlərindən biri Qurban kəsməkdir. Qurban bayramı adlanan dini mərasim müsəlmanlar arasında geniş yayılan ayinlərdəndir. O, Quranın müəyyən etdiyi dini tələbdir, müsəlmanların riayət etdiyi ümumi mərasimdir.
Üç səmavi dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var.
İslam dinində Qurban bayramı böyük bayram adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, qurban kəsilir.
Qurban bayramının yaranma tarixi onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar.
Başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini imkansızlarla bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurban kəsmək o deməkdir ki, insanlar Allaha xoş gedən bir əməli icra edirlər. Bu bayramda hamı sevinməlidir.
Əziz həmvətənlər, hər birinizin bayramını təbrik edirəm. Allah kəsdiyiniz Qurbanlarınızı qəbul etsin!

Məşhur Məmmədov,
Millət vəkili