Tribuna İnformasiya Agentliyi

Qubanın icra başçısından səviyyəsinə uyğun açıqlama – Replika

10 İyul

“Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram.” – deyə icra başçısı bildirib.

Birdən elə bilərsiniz ki, Qubanın icra başçısı Ziyəddin Əliyev bütün ətraf aləmdən təcrid olunub. Qətiyyən belə deyil. Yuxarıda oxuduqlarınız onun Bizimyol.info-ya verdiyi açıqlamadır. “Quba Palace Hotel”in ərazisində baş vermiş qəza ilə bağlı jurnalistin sualını cavablandıran başçı belə deyib. Amma ona inanmayın. Quba şəhərində pepsi butulkasına oxşayan bir yerüstü keçid tikdirəndə ona-buna zəng edib saytlarda getməsini istəyirdi. Və yaxud, mənasız tədbirlər keçirəndə jurnalistlərə üz tutur. Həmkarlarımız bu kişidən inciməsinlər, bəlkə Ziyəddin Əliyev mətbuat xidmətini də ləğv edib. Yəqin telekanallara da gecə yarısı baxır…
Biz deyəndə ki, Qubanın icra başçısı sarıdan bəxti gətirmir, bəzilərinin xoşuna gəlmir. Daha beləsinə nə deyəsən? Bu kişiyə dövlət başçısı böyük bir rayonu etibar edib. Onun da borcu Qubada baş verən hadisələrdən birinci xəbər tutmaqdır, daha telekanallardan informasiya almamalıdır. İndi nə edək? Mətbuat Şurasından xahiş edək ki, Ziyəddin Əliyev üçün bir nümayəndə ayırıb göndərsinlər? Elə başçı telekanallardan məlumat aldığına görədir ki, Qubadan bixəbərdir. Başı yaylaqlara, göydələn tikdirməyə, qəbuluna gələnləri acılamağa və digər işlərə qarışıb.

Yeri gəlmişkən başçının nəzərinə bir şeyi də çatdıraq. Azərbaycan saytları da onun üçün məətəl qalmayıblar. Oxumur, oxumasın. Əslində elə oxumasa yaxşıdır. Çünki mətbuat bir aynadır. Baxsa əsl sifətini görəcək. Nə isə, belə-belə işlər. Ziyəddin də jurnalistlərə belə arxa çevirdi. Amma inanın, üzünü də çevirəcək…

Fazil Mahmudov,
“Şimal xəbərləri”