QUBAD İBADOĞLUNUN LAÇIN AÇIQLAMASI MÜBAHİSƏ YARATDI – JURNALİST FAKTLAR GÖSTƏRDİbackend

QUBAD İBADOĞLUNUN LAÇIN AÇIQLAMASI MÜBAHİSƏ YARATDI – JURNALİST FAKTLAR GÖSTƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ADR Partiyasının sədri Qubad İbadoğlunun açıqlaması müzakirə açıb. TİA.Az bildirir ki, partiya sədri Xankəndindən Ermənistana qədər təzə yolun köhnə yoldan ən azı 20 km uzun olduğunu iddia edib. Onun sözlərinə görə, bu yolların Zabuxa qədər olan hissəsi eynidir, ordan yollar ayrılır və Ermənistana gedən təzə yol başlayır: “Beləliklə də rus hərbçiləri əvvəllər 65 km-lik yola nəzarət edirdisə, indi ən azından 90 km-ə qədər olan yola nəzarət edəcəklər. Amma bu azmış kimi rus hərbçiləri Laçın şəhərindən keçən köhnə yolu da nəzarətlərində saxlamaq istəyirlər, onlar hələ də Laçın şəhərindədirlər, baxmayaraq ki, təzə yolun üzərində olan Azərbaycan ordusunun postlarını ordan köçürürlər.
Yeni Laçın rayonuna məxsus yolun 5 km enində dəhlizinə düşən ən azı 6 kəndin (Ağanus, Fətəlipəyə, Məlikpəyə, Malxələf, Unannovu və Mığıdərə) taleyi hələ də məlum deyil, böyük ehtimalla həmin kəndlər də rus hərbçilərinin nəzarətində olacaq.
Bilin ki, Qarabağ probleminin bir həlli vardır, o da rus hərbçilərinin ərazimizi tərk etməsi və Azərbaycan-Türkiyə ittifaqının güclənməsidir”.


Lakin onun bu siyasi-coğrafi çıxışına cavab gecikməyib. “Qaçqınkom” yanında İctimai Şura üzvü Qəzənfər Hüseyni ilə əlaqə saxlayan jurnalist Taleh Şahsuvarov məsələni dəqiqləşdirməyə çalışıb. Jurnalistin internet üzərindən faktlarını olduğu kimi təqdim edirik :

Qubad İbadoğlu ilə şəxsi münasibətlərimiz hər zaman müsbət olub. Onun intellektinə hər zaman hörmətlə yanaşmışam. Çox təəssüf ki, özü də Qarabağ doğumlu olsa da, yumşaq desək, çox yanlış və yersiz açıqlama yayıb. ADR sədrinin yeni “Laçın yolu” haqqında yaydığı məlumatlar başdan-başa səhvdir və ümumiyyətlə, bizim milli maraqlarımızla uzlaşmır. Çox təəssüf edirəm ki, belə bir həssas məsələdə Qubad İbadoğlu ən azı ərazini tanıyan adamlarla məsləhət etmədən belə bir mövqe sərgiləyib və nəticədə erməni telegram kanallarının sevimlisinə çevrilib.
Onun açıqlamasından sonra bir daha dəqiqləşdirmə aparmaq üçün Laçını qarış-qarış tanıyan el ağsaqqalı Gazanfar Huseyni aradım və əmin oldum ki, məsələ Qubad bəy deyən kimi yox, elə bizim bildiyimiz kimidir. “Google”dən yol uzunluqlarına baxıram.

1) Sovet dövründə Gorus şəhəri- Laçın şəhəri- Şuşa şəhəri- Stepanakert şəhəri arasında şose yolu 93 km olub. Bu yol Gorus şəhərindən başlayaraq Ermənistanın Tex (Dığ) kəndinə gəlir, o həndəvərdə sərhədi adlayır və bizim Zabuxa keçirdi.

2) Ermənistanın Tex (Dığ) kəndindən Azərbaycanın Zabux kəndinə 16, 1 km-dir. Bizim ərazimizdə yol ziqzaqdır və maşınla məsafəni uzadır.

3) Zabux kəndindən Laçın şəhərinə 10,4 km., Şuşaya 46, 9, Xankəndiyə 58,7 km-dır. Son rəqəmi bir az yuvarlaşdırıb 10 km. artıra bilərik, çünki Tex-Zabux arasından keçən sərhəddən Zabuxa qədərki məsafə də var.

4) Yeni yol üçün Ermənistanın çıxış nöqtəsi Tex deyil, Kornidzordur. Gorus- Kornidzor yolu 25,2 km-dır. Müqayisə üçün bax: Gorus-Tex yolu 19, 8 km-dır.

DİQQƏT:

Bu səbəbdən ERMƏNİLƏR ÜÇÜN yeni yol Azərbaycan ərazisində yox, Ermənistan ərazisində 5.4 km uzanıb!

BUNDAN SAVAYI, Kornidzordan bizim sərhəddə tikilən körpüyə çatmaq üçün ermənilər təxminən 10 km+ yeni yol tikməlidirlər.

VACİB NÜANS: Başqa sözlə, ermənilər yeni Laçın yolundan istifadə etmək üçün Azərbaycan ərazisinə çatana qədər ən azı 15,4 km. uzun məsafə qət etməlidirlər.

5. Köhnə yolla Zabuxdan Böyük Qaladərəsinə 22,3 km, “Kirov” məntəqəsinə 27,7-km. dir, yol arxadan fırlanıb gəlir.

6) Yeni yol üçün Azərbaycan cəmi 22 km yol tikib ki, onun da heç yarısı Laçının inzibati ərazisində deyil, çünki yeni yol həm Laçın, həm də Şuşa şəhərindən yan keçir və bir hissəsi keçmiş DQMV-nin ərazisində, Rusiya sülhməramlılarının nəzarətində olan bölgədədir.

7) Yeni yolun işə düşməsi ilə Laçında heç bir erməni qalmadı. Laçın şəhəri, Zabux, Sus və digər kəndlərdə məskunlaşan ermənilər çıxarıldılar.

8) Yeni yol Laçının İbadoğlunun sadaladığı heç bir kəndinin içindən keçmir və hər hansı erməninin rus sülhməramlılarının nəzarətində olacaq hissələrdə məskunlaşması mümkün deyil.

SONDA: Cəmi 22 km məsafədə inşa etdiyimiz YENİ YOLUN Azərbaycan ərazisində sizin dediyiniz kimi 20 km məsafə artırması üçün Zabuxdan Qaladərəsinə 2 km məsafə olmalı idi, hörmətli Qubad bəy!

Mən sizin bu cür elementar səhv edəcəyinizi güman etmirəm. Amma heç cür başa düşə bilmirəm ki, ermənilər üçün Ermənistan ərazisində məsafənin uzanması Sizi niyə narahat edir?”

TİA.Az