Qorbaçovu müavin götürmək istəyən nazir- Terebilov Daşkənddə aldığı 20 min rublun güdazına gedibbackend

Qorbaçovu müavin götürmək istəyən nazir- Terebilov Daşkənddə aldığı 20 min rublun güdazına gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SSRİ-nin ən tanınmış hüquqşünaslarından biri sayılan Vladimir Terebilov 50 ildən artıq müddət ərzində ölkənin ədliyyə orqanlarında uğurlu karyera quraraq nazir vəzifəsinə qədər yüksəlib. Amma bu yüksəliş onun üçün arzuolunmaz hadisələrlə yekunlaşıb. Adı heç vaxt qalmaqallı hadisələrdə hallanmayan Terebilov Özbəkistanda aparılan “Pambıq işi”ndə ləkələnib və öz ərizəsi ilə vəzifədən uzaqlaşmaq məcburiyyətində qalıb.

1916-cı ildə Sankt-Peterburq şəhərində anadan olan Vladimir Terebilov Krılenko adına Leninqrad Hüquq İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Leninqrad vilayətinin Parqolovo rayonunda əvvəlcə müstəntiq, sonra prokuror vəzifəsində işləyib. Sovet-alman müharibəsi başlananda o, vəzifəsi saxlanılmaqla səfərbərlik dəstəsinin komissarı vəzifəsini icra edib.

Müharibədən sonra Vladimir Terebilov Moskvada Kriminalistika İnstitutunda elmi yaradıcılıqla məşğul olub, dissertasiya müdafiə edib və hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

382458_87_i_168.jpg (30 KB)

1957-ci ildə Terebilov SSRİ Baş Prokurorluğuna işə dəvət olunub. Baş prokuror Roman Rudenko onu özünə böyük koməkçi təyin edib. Qısa müddətdə savadı, təşkilatçlıq bacarığı, dərin və mükəmməl hüquqi biliklərə malik olması ilə fərqlənən Terebilov istintaq idarəsinə rəis müvini vəzifəsinə təyinat alıb.
Vladimir Terebilov Mərkəzi Komitədə də tanınıb. O, əsasən ölkə miqyasında daha çox səs-küy yaradan cinayət hadisələrinin istintaqını apardığından tez-tez Kremlə çağrılıb. Həm Nikita Xruşov, həm də Leonid Brejnev Terebilovu şəxsən tanıyıblar. Onun Brejnevlə münasibəti isə daha yaxın olub. Elə bu münasibətin sayəsində, Brejnev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olanda, 1962-ci ildə Terebilovun daha yüksək vəzifəyə, SSRİ Ali Məhkəməsi sədrinin müavini vəzifəsinə irəli çəkilməsində mühüm rol oynayıb.

Ümumiyyətlə, Terebilov bütün şəxsi və xidməti problemlərini Brejnevlə həll edib. Sözsüz ki, bu yaxın münasibət Xruşovun ürəyincə olmayıb.

Xruşovun devrilməsindən sonra Brejnevin hakimiyyətə sahib olması Terebilovun da vəzifə dayaqlarını möhkəmləndirib və onun üçün yeni imkanlar açılıb. 1970-ci ildə Brejnevin təşəbbüsü ilə Terebilov SSRİ-nin ədliyyə naziri təyin edilib.

1014578967.jpg (112 KB)

Vəzifəsinin icrasına başlayanda Terebilov özünə müavin axtarışına başlayıb. O, diyar, vilayət partiya komitələrinin birinci katibləri ilə maraqlanıb və sonda Stavropol diyar Partiya Komitəsinin birinci katibi Mixail Qorbaçovun üzərində dayanıb. Qorbaçovun Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirməsini, olduqca fəal bir partiya işçisi olmasını nəzərə alan Terebilov onu ədliyyə nazirinin birinci müavini təyin etmək istəyib. O, bu haqda Brejnevi məlumatlandıranda, baş katib Mixail Suslovla məsləhətləşməyi tövsiyə edib. Suslov Terebilovun təklifindən qəti şəkildə imtina edib: “Bizim Mixail Qorbaçovla bağlı başqa planlarımız var, özünüzə başqa müavin axtarın…”

Vladimir Terebilov nazir vəzifəsində işləyəndə ölkənin ədliyyə sistemi üçün bir çox yeniliklərə imza atıb. O, 50 cildlik qanunvericilik toplusunun hazırlanmasına rəhbərlik edib, vəkillər haqqında yeni qanun qəbul edilib, Moskvada ədliyyə işçilərinin təkmilləşdirmə institutu fəaliyyətə başlayıb. 1977-ci ildə yeni Konstitusiyanın qəbul edilməsində isə Vladimir Terebilovun xüsusi xidmətləri olub.

14 il nazir vəzifəsində işlədikdən sonra Vladimir Terebilov 1984-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sessiyasında SSRİ Ali Məhkəməsinin sədri vəzifəsinə seçilib.

Теребилов Владимир Иванович.jpg (72 KB)

SSRİ-nin son illərində süquta döqru gedən ölkədə yüksək ranqlı dövlət məmurlarının korrupsiya, vəzifədən sui-istifadə və digər səbəblərdən vəzifələrindən uzaqlaşdırılması axınından Vladimir Terebilov da kənarda qalmayıb. Özbəkistandan deputat seçilən Terebilovu “Pambıq işi” ilə bağlı ləkələmək, onu korrupsiyada ittiham etmək istəyiblər. Bu fakt öz təsdiqini tapmayıb. Amma Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İnamcon Usmanxocayev istintaqa verdiyi ifadədə də Terebilovun pul qarşılığında iş gördüyünü bildirib:
“1985-ci ilin payızında Terebilov seçiciləri ilə görüşmək üçün Özbəkistana gəlmişdi. Bu görüşlərdə mən də iştirak edirdim. Fürsətdən istifadə edib Terebilovdan məhkəmələrdə ştatların artırılmasını xahiş etdim. Bir gün sonra mən səhər tezdən iş kabinetimə gəldim. Təzə diplomat çantanın içərisinə Özbəkistanla bağlı yenicə hazırlanmış rəngli bukletləri və içərisində 20 min rubl olan zərf qoydum.

55.PNG (212 KB)

 İnamcon Usmanxocayev

Terebilovun qaldığı mehmanxanaya getdim, nömrəyə daxil oldum, çantanı otağın bir güncünə qoydum. Mən heç nə demədim, o da heç nə soruşmadı. Moskvaya qayıtdıqdan bir neçə gün sonra Terebilov mənə zəng vurub dedi ki, xahişimi yerinə yetirib. Məhkəməyə 26 əlavə ştat verilmişdi…”

Bu ifadədən sonra Vladimir Terebilov heç kimin reaksiyasını, tənqidini, təhlilini, töhmətini gözləməyib, könüllü çəkildə ərizə yazıb təqaüdə çıxıb. Usmanxocayevin Terebilov haqqında dedikləri isə hüquqi müstəviyə çıxarılmayıb.

Təqaüdə çıxdıqdan sonra Vladimir Terebilov ömrünün sonuna qədər Moskva Dövlət Universitetinin hüquq fakültəsində elmi pedaqoji fəaliyyətlə məşğul olub, 10-a yaxın kitabı işıq üzü görüb.

terebilov_vi.jpg (130 KB)

Vladimir Terebilov 2004-cü ildə, 88 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu,