Qonşularda dollar bahalaşır – Dalğa Azərbaycanı da vuracaqmı?backend

Qonşularda dollar bahalaşır – Dalğa Azərbaycanı da vuracaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla ticarət əlaqəsi böyük olan Türkiyədə, Rusiyada və İranda dolların bahalaşması müşahidə edilir. Türkiyədə dollar/lirə kursu bir qədər də yüksələrək 7,37 səviyyəsinə çatıb. Eynilə İranda da dolların bahalaşması prosesi gedir.

Rusiyada isə dollar iyun, iyul və avqust ayları ərzində davamlı yüksələrək 69 rubldan 76 rubla çatıb.

Adıçəkilən ölkələrdə dolların bahalaşması həmin ölkələrdən Azərbaycana ixrac edilən malların ucuzlaşmasına səbəb olur. Xarici ticarətdə qonşularımızın məzənnə üstünlüyü Azərbaycanda da dolların bahalaşma ehtimalına əsas yaradır. Bəs, bunun baş verməsi mümkündürmü?

Sfera.az xatırladır ki, Türkiyə və İranda dolların bahalaşmasının səbəbi həmin ölkələrin cari əməliyyatlarında yaranan kəsirlə izah edilir. Rusiyada isə cari əməliyyatlarda kəsir olmasa da digər mənbələr üzrə ölkədən valyuta çıxışının artması haqqında məlumatlar var.

Türkiyədə ilin birinci yarısında carici əməliyyatlarda 22 milyard dollar həcmində kəsir yaranıb ki, bu da lirənin dəyər itirməsinə səbəb olur. Eyni hal İranda da müşahidə edilir.

Azərbaycanda da dolların bahalaşması üçün cari əməliyyatlarda kəsirin yaranması və böyüməsi lazımdır. İlin birinci rübünün məlumatına əsasən, ölkəmizin cari əməliyyatlarda 646 milyon dollardan artıq müsbət saldo yaranıb. O cümlədən cari əməliyyatların əsas hissəsini təşkil edən xarici ticarət əməliyyatlarında 1,87 milyard dollardan çox müsbət fərq var.

Cari əməliyyatlarla bağlı ilin birinci yarısına aid məlumat hələ açıqlanmayıb. Amma birinci yarımillə bağlı xarici ticarət göstəriciləri məlumdur. Birinci yarımildə xarici ticarətdə 2,7 milyard dollar müsbət fərq yaranıb.

Azərbaycan üçün dollar/manat məzənnəsinə təsir göstərən əsas faktor neftin qiymətidir. Hazırda neftin qiyməti aşağıdır və bu qiymət cari əməliyyatlarda tarazlığı təmin etməyə imkan vermir. Çünki birinci rübdə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 58 dollar olub, birinci yarımildə isə orta qiymət 38 dollara düşüb. Eyni zamanda birinci rübdən fərqli olaraq, ikinci rübdə neft hasilatı 20 faizdən çox azaldılıb ki, bu da ölkəmizin neft gəlirlərinə mənfi təsir edən əlavə göstəricidir.

Bunun nəzərə alaraq deyə bilərik ki, birinci yarımildə ölkəmizin cari əməliyyatlar balansında kəsirin olması ehtimalı var.
İlin birinci yarısında olan kəsiri nəzərə alınaraq dollar/manat kursunun yüksəldilməsi ehtimalı azdır. Adətən məzənnəyə bir neçə aylıq yox, ən azından birillik dövr qiymətləndirilərək baxılır. İlin ikinci yarısında neft qiymətlərində yüksəlmə dinamikası var. Artıq iyul və avqust aylarında orta qiymət 43-45 dollar səviyyəsinə yüksəlib. Ancaq Azərbaycan götürdüyü öhdəliyə uyğun olaraq hasilatı 20 faizdən çox azaltdığından neft gəlirlərində daha böyük azalma baş verəcək. Bu halda ilin ikinci yarısında neft qiymətlərinin 43-45 dollar olması çox aşağı səviyyədir.

Orta qiymətin 50 dolları ötməsi vacibdir ki, orta illik qiymət 40 dolları ötsün. Əgər bu, baş verərsə, o halda cari əməliyyatlarda tarazlıq yaranacaq. Çünki cari ildə mal və xidmətlər idxalında azalma qeydə alınıb.

Neftin qiymətinin 50 dolları ötmə ehtimalı hələlik yüksək deyil. Bunun da əsas səbəbi hələ də pandemiyanın davam etməsidir. Görünən budur ki, peyvənd tapılmayana qədər pandemiya qalacq və iqtisadiyyatlarda tələb aşağı olacaq. Bu şərtlər daxilində neft bir müddət 40-50 dollara satılacaq.

Məzənnə ilə bağlı digər mühüm məsələ Azərbaycan hökumətinin siyasi mövqeyidir. Hökumət cari əməliyyatlarda hətta kiçik kəsir yarandığı halda belə məzənnəni dəyişmək istəmir. Çünki cari kəsiri yaradan neftin ucuzlaşmasıdır və pandemiya bitdikdən sonra neftin dəyərinin yüksəlmə ehtimalı böyükdür. Buna görə də hökumət pandemiya bitənə qədər məzənnə dəyişikliyi haqqında düşünməyəcək.

Əgər pandemiyadan sonra da uzun müddət neft bahalaşmasa, o halda, dollar/manat kursunun yenidən nəzərdən keçirilməsi ehtimalı var.
Sfera.az