Qlobal şirkətlər Rusiya bazarından “qaçır”backend

Qlobal şirkətlər Rusiya bazarından “qaçır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq Qərbin bu ölkəyə qarşı tətbiq etdiyi misli görünməyən sanksiyalar fonunda transmilli şirkətlər Rusiya bazarını tərk etməyə başlayıb.

“Report” xəbər verir ki, “General Motors”, “Ford”, “Volvo”, “Volkswagen”, “BMW”, “Jaguar Land Rover” və “Daimler Truck” şirkətləri Rusiyaya avtomobil tədarükünü dayandırdığını bəyan ediblər. Eyni zamanda Rusiya ilə həyata keçirilən birgə istehsal da dayandırılıb. Motosiklet istehsalçısı olan “Harley-Davidson” da Rusiya bazarına tədarük həyata keçirməyəcək.

Rusiyanın enerji sektorunda uzun illər təmsil olunan “ExxonMobil”, “BP”, “Shell”, “Equnior”, “Eni”, “OMV” şirkətləri bu ölkədə fəaliyyətlərinə son qoyduqlarını və Rusiya layihələrinə investisiya yatırımlarına son qoyduğunu bəyan ediblər. Dünya nəhənglərinin təşəbbüsü fonunda bütün nəzərlər digər enerji şirkətlərinə o cümlədən “Chevron”, “Total”, “Vitol”, “Wintershall Dea” və “Trafigura”ya yönəlib.

Onlayn-kinoteatr “Netflix” 20 federal kanalının yayımını, orijinal Rusiya serialları üzərində işləri dayandırıb. Dünyanın ən tanınmış film istehsalçıları “Warner Bros.”, “The Walt Disney Company”, “Universal Pictures, və “Paramount Pictures” Rusiya ərazisində öz məhsullarının yayımını dayandırıblar.

ABŞ-ın “Apple” şirkəti (iPhone, iPad, McBook və digər texnoloji brendlərin istehsalçısı) Rusiyada öz məhsullarının satışını və bu ölkəyə ixracı dayandırıb. Eyni zamanda öz servisi “Apple Pay”dən istifadəni məhdudlaşdırıb.

“Google” şirkəti Avropa ərazisində “Google Play” elektron dükanından “Russia Today” (RT) və “Sputnik”in tətbiqlərini silib. Həmin tətbiqləri Rusiyadan kənarda “Apple”nın servisi “App Store”da da yükləmək artıq mümkün deyil.

“Dell” kompüter istehsalçısı Rusiyada öz məhsullarının satışını dayandırıb. Ötən rüb bu ölkəyə tədarük edilən kompüterlərin 6 %-i “Dell”in payına düşüb.

Dünyanın ən iri çip istehsalçısı “TSMC” Rusiyaya tədarükü dayandırıb və bu ölkədə hazırlanan “Elbrus” markalı çiplərin istehsalını dayandırıb. Onun ardınca analoji addımları ən iri istehsalçılardan biri “AMD” və “İntel”də atıb.