Qlobal iqtisadi reallıqlar Milli Prioritetlərin müəyyən olunmasını tələb edirbackend

Qlobal iqtisadi reallıqlar Milli Prioritetlərin müəyyən olunmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.

Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

Cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilməsi məhz yuxarıda sadaladıqlarımın həyata keçirilməsi üçün zamanın tələbinə uyğun bir qərardır.

Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına zəmin yaradır. İlk növbədə qeyd etmək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar regionda həm də yeni iqtisadi mənzərə formalaşdırıb. 30 ildən artıq müddət ərzində davam edən münaqişənin effektiv həlli regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji göstəricidir.

Həmçinin torpaqlarımızın işğaldan azad olunması ölkəmiz üçün həm də əlavə iqtisadi imkanlar açmışdır. Məlumdur ki. bu ərazilər böyük iqtisadi potensiala malıikdir və Azərbaycan sözsüz ki, bu potensialdan yararlanacaq. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.

Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılmasını təmin etmək baxımından qarşımızda tamamilə yeni imkanlar açır.

Heç şübhəsiz bu gün Azərbaycan iqtisadiyyatının inkişaf sürəti və dinamikası indiyədək dünyanın heç bir ölkəsində müşahidə olunmayıb. Lakin Ölkə Prezidenti tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə çıxaracaq. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat – ölkə iqtisadiyyatının davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasını, bu əsasda yüksək gəlirli iş yerlərinin yaradılmasını, insanların həyat səviyyəsinin ilbəil yaxşılaşmasını nəzərdə tutur. Həmçinin bu prioritetin reallaşdırılması ilə qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payıının artırılmasına və iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olunacaq. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət – bu prioritetin reallaşması ilə inkişafdan hər bir vətəndaşın bəhrələnməsinə, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsinə, yüksək və ədalətli sosial təminata, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunacaq.

Eyni zamanda bu prioritet paytaxt və regionların tarazlı inkişafını, bu məqsədlə regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların tamamilə iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutur. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı – bu prioritetin əsas məqsədi gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün ölkəmizin yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas amillər kimi diqqət mərkəzinə çəkilir. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış – təbii ki, ölkənin ərazi bütövlüyünün təmin olunması ilə işğal dövründə öz doğma torpaqlarından köçkün düşən insanların vətənə, dədə-baba yurdlarına qayıdışının təmin olunması kimi son dərəcə vacib bir prosesi nəzərdə tutur. Bu prioritet vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bunun üçün isə, Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir.

Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Nəhayət, Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi – ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası işlərinə əhəmiyyətli yer verilməsini nəzərdə tutur.

Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu prioritetin reallaşdırılması ilə Azərbaycan qlobal iqlim dəyişikliklərinə məruz qalan planetimizdə ekoloji tarazlığın bərpa olunması işinə öz töhfələrini vermiş olacaq.

Məşhur Məmmədov,
Milli Məclisin deputatı