Tribuna İnformasiya Agentliyi

Qızına 400 minlik toy edən sabiq məmurla bağlı araşdırma başladı

15 Yanvar
“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində araşdırmalar davam etdirilir”.
TİA.AZ xəbər verir ki, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2018-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.
O qeyd edib ki, həmin qurumda Maliyyə Nazirliyi də yoxlamalar aparır: “Biz buna ehtiyac hiss etdik. Hazırda araşdırmalar davam etdirilir”.
Xatırladaq ki, Q.Şükürov ötən ilin oktyabrında vəzifəsindən azad edilib. Barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Onu da qeyd edək ki, Q.Şükürov qızına 400 min manatlıq toy etməklə gündəmə gəlmişdi.