Qiymətləri artıran görünməz qüvvə – İri marketlər istehsalçıları “tasa oturdub”… – Ekspertlərbackend

Qiymətləri artıran görünməz qüvvə – İri marketlər istehsalçıları “tasa oturdub”… – Ekspertlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün hər kəs bahalaşmadan danışır. Demək olar ki, bütün sahələrdə ciddi qiymət artımı müşahidə olunur. Aidiyyəti qurumlar isə bu artımı daha çox dünyada baş verən proseslərlə əlaqələndirirlər. Belə olduqda yerli istehsalın artırılması, ərzaq tədarükünün idxaldan asılılığını azaltmaq üçün görülən işləri sürətləndirmək prioritet məsələ kimi təqdim olunur. Amma yerli istehsalçılar ölkədə bazarından narazıdırlar. Bazarda rəqabət mühitinin olmaması onları çox çətin bir vəziyyətlə üzləşdirir.
Son dövrdə əsas narazılıqlar şəbəkə marketləri ilə bağlıdır. Onlara yerli istehsalçılar qarşısında çox ağır şərtlər qoyurlar. Alternativ variantlar olmadığı üçün bu ağır şərtlər çox vaxt qəbul olunur. Belə olduqda isə ya keyfiyyət aşağı düşür, ya da qiymət artırılır.
Məsələn, şəbəkə marketləri çörək istehsalçılarından 13-14 bəziləri hətta 16 faiz tələb edirlər. Yəni hər satılan çörəyin 13-16 faizi marketlərə qalır. Belə olan halda istehsalçı demək olar ki, heç nə qazanmır. Qazansa da bu 2-3 faizi aşa bilmir. Nəticədə istehsalçı digər variantlara əl atmağa məcbur olur.
Ya da başqa , məsələn meyvə, tərəvəz məhsullarının həmin marketlərdə satılması üçün fantastik məbləğlər, yaxud böyük faizlər tələb olunur.
Bəs iri marketlərin bu tələbləri gələcəkdə yerli istehsalçıları hansı risklə üz-üzə qoyur? Bunun qiymət artımına hansı təsirləri var? İri marketlərin hegemonluğunun qarşısını hansı yollarla almaq mümkündür?
 
Bu suallara mütəxəssislər cavab verib.
Məsələ ilə bağlı Bakupost.az -a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinni fikrincə, istehsalçılar məcburən məhsulunu baha qiymətə qoyur ki, gəlirindən əlavə mağazanın faizini ödəmək iqtidarında olsun. Bu da istər-istəməz qiymət artımına təsir edən amillərdən birinə çevrilir:
“Qanunvericilikdə buna təsir etmək imkanları çox zəifdir. Çünki marketlər şəbəkələrinin sahibləri istehsalçılarla, sahibkarlarla müstəqil şəkildə müqavilənin özləri tərəfindən bağlandığı deyəcəklər. Bizdə belə bir azadlıq var ki, istehsalçılar ölkəyə mal gətirənlərlə marketlər arasında müqavilələr sərbəst, qarşılıqlı razılaşma şəklində bağlanır. Problem ondadır ki, belə müqavilələr qarşılıqlı razılıqla bağlandıqdan sonra sahibkarlar, istehsalçılar narazılıq edirlər. Özləri bu məsələnin üzərinə getməkdən çəkinirlər. Belə bir praktika ola bilərdi ki, məhsul istehsalçıları və ya ölkəyə məhsul gətirən şirkətlər birgə öz hüquqlarını müdafiə etsinlər, marketlər şəbəkələrilə danışıqlar aparsınlar. Yəni ayrı-ayrılıqda yox, birgə öz şərtlərini diqtə etsinlər. İstehsalçılar və ölkəyə mal gətirənlər marketlərlə danışa bilmirlər deyə, ayrı-ayrılıqda marketlər şəbəkəsi hər birinə öz müqavilə şərtlərini təqdim edir, onlar da imzalayır və sonra narazılığını bildirirlər. Qanunda hansısa bir qadağa yoxdur və müqavilə müstəqilliyi var. Ona görə də marketlər şəbəkəsinə irad bildirilsə, deyəcək ki, bizim müqavilə müstəqilliyimiz var, şərtləri belə təklif edirik, əgər istəməsələr imzalamasınlar. Məhz problem də buradan başlayır. Düşünürəm ki, istehsalçılar və yaxud ölkəyə mal gətirənlər birgə bu məsələlərlə məşğul olsalar, sözləri bir olsa o zaman problemi həll etmək mümkün olar. İndi hansısa bir istehsalçı bununla razılaşmayanda həmin dəqiqə o istehsalçını şəbəkədən çıxarırlar və onun rəqibi ilə razılaşırlar. Rəqibi də həmin şərtlərlə razılaşır. Ona görə də heç bir istehsalçı və ölkəyə mal gətirən istəmir bazarını itirsin, ona görə də məcbur marketlərin şərtlərilə razılaşır. Bu məsələ birbaşa qiymət artımına təsir edən amillərdən birinə çevrilir. İstehsalçılar məcbur daha baha qiymət qoyur ki, gəlirindən əlavə mağazanın faizini ödəmək iqtidarında olsun. Bu da təbii ki, istər-istəməz qiymət artımına təsir edən amillərdən birinə çevrilir”.
İqtisadçı-ekspert Akif Nəsirli isə qeyd edib ki, təkcə iri marketlər şəbəkəsi deyil, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi monopolistlərin əlində cəmləşib:
“Bəzi məsələlərə dövlət, digər məsələlərə isə oliqarxların yaratdığı inhisarçı şirkətlər nəzarət edir. Yəni, ölkə iqtisadiyyatı bütünlüklə monopoliyaların nəzarəti altındadır. 30 ildən çoxdur elan etmişik ki, bazar iqtisadiyyatı modelini ölkəmizdə tətbiq edirik. Bir neçə il bundan əvvəl elan etdilər ki, biz bazar iqtisadiyyatına keçid dövrünü başa çatdırmışıq, yəni tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Həmişə bazar iqtisadiyyatı modeli ilə çalışan ölkələrdə hökumətin bir nömrəli məsələsi inhisarçılığa qarşı mübarizədir”.
A. Nəsirli vurğulayıb ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizə aparmaqdansa, buna stimul yaradılır:
“Bu gün oliqarxlar, yəni məmur inhisarçılar dövlət büdcəsindən oğurladıqları vəsaitlər hesabına böyük şirkətlər qurublar. O şirkətlər də monopolist mövqedədirlər. Bir tərəfdən onlara hüquqi dəstək var, eyni zamanda hökumətin bütün məsələlərində vergi, qeydiyyat, digər problemlərin həlli istiqamətində həmin şirkətlərə yaşıl işıq yandırılıb. Digər şirkət yaratmaq istəyən, özəl fəaliyyətlə məşğul olmaq istəyənlər isə böyük çətinliklərlə qarşılaşırlar. Bunlar nə qədər sənəd yığmalı, qeydiyyatdan keçməli , müxtəlif qurumlardan icazə almalıdırlar. Amma oliqarxların belə bir problem yoxdur. Bu səbəbdən o oliqarxlar inkişaf edir, genişlənir. Hamı da məcburdur ki, o oliqarxlar ilə hesablaşsın, onların diqtəsinə tabe olsun. Belə oliqarxlar həm də iri marketlər şəbəkəsində istədikləri qiyməti sahibkarlara diqtə edirlər. Ölkədə rəqabət mühiti olmadığından, sahibkar məcbur olaraq öz məhsulunu marketin diqtəsinə uyğun satır. Belə bir vəziyyət bir daha göstərir ki, ölkəmizdə bazar iqtisadiyyatı mühiti formalaşmayıb. Bazar iqtisadiyyatında müştəri uğrunda mübarizə gedir. Həmçinin bazar iqtisadiyyatı olan ölkələrdə bir deviz var ki, alıcı şahdır. Bu alıcını tutmaq üçün bütün rəqiblər çalışır. Ona görə də həmin o rəqibi özünə cəlb etməkdən ötrü mümkün qədər qiyməti aşağı salır və keyfiyyəti yüksəldir. Amma Azərbaycanda belə bir rəqabət mühiti yoxdur. Hər yerdə demək olar qiymət eynidir. Bu problemləri fərdi qaydada, epizodik olaraq həll etmək mümkün deyil. Bunun çıxış yolu ölkədə inhisarçılığı aradan qaldırmaqdır. Amma bunu da aradan qaldırmaq o qədər də asan iş deyil. Lakin bunun öhdəsindən yalnız hökumət gələ bilər”.