Qiymətlər niyə artır: Hökumət əvvəlcə səbəbini tapmalıdır…backend

Qiymətlər niyə artır: Hökumət əvvəlcə səbəbini tapmalıdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti qiymət artımı ilə mübarizəyə başlayır. TİA.AZ FED.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetində bununla bağlı keçirilən müzakirədən sonra antiinflyasiya tədbirlərinin prinsipləri açıqlanıb.

Amma iqtisadçı ekspertlər bildirir ki, qiymət artımı ilə mübarizəyə başlamaq üçün əvvəlcə onun dəqiq səbəbləri tapılmalıdır. Araşdırmaçı ekspert Rövşən Ağayev qiymət artımının indiyədək səslənməyən səbəblərini xatırladıb.

İqtisadçı yazır:

«Hökumət inflyasiya ilə mübarizə üçün tədbirlər planı hazırlayacaq işçi qrup yaradıb. Qrupun təqdim edəcəyi tədbirlər nə qədər effektiv olacaq, zaman göstərəcək.

Amma qrup diaqoz qoymaq üçün gərək əlində etibarlı diaqnostika olsun. Məsələn, “inflyasiyada daxili və xarici amillərin rolu ayrı-ayrılıqda nə qədərdir” sualının dəqiq cavabı çox önəmlidir.

Doğrudur, Mərkəzi Bank son bəyanatında qeyd etmişdi ki, illik inflyasiyanın (12%) təxminən 25%-i (yəni 3%-i) tənzimlənən qiymətlərin artımı ilə bağlıdır.

Lakin bu bir amildir axı. Elə həmin bəyantda MB monetar amillərin rolunu inkar etmişdi. Halbuki təkcə kreditlər 15% artıb və ötən ilki 5%-lik azalmanın müqabilində bu yüksək göstəricidir. Xüsusilə də kreditlərin artımının az qala üçdə ikisi istehlak bazarına inflyasiya təzyiqini artıra biləcək seqment – ev təsərrüfatlarının borclanması hesabına baş verib.

Fiskal genişlənmə yüksək inflyasiya təzyiqi yaradacaq səviyyədə olmayıb (təxminən 8%).

Tələb inflyasiyasının təsiri istisna olunur, çünki ev təsərrüfatlarının təlabatının əsas indikatoru hesab olunan istehlak xərcləri real olaraq cəmi 3,5% artıb.

Amma istehsal xərclərinin artımını tətikləyən maliyyət inflyasiyası barədə eyni fikri söyləmək çətindir. Çünki əksər zəruri yerli məhsulların istehsalçı qiymət indeksi inflyasiya səviyyəsini üstələyib. Ona görə də işçi qrupun əlində dəqiq diaqnostika olmalıdır ki, hansı yerli istehsalın tərkibindən idxal komponenti nə qədərdir, istehsalçı qiymət indeksində yüksək artımın hansı hissəsi məhz idxal komponenti hesabına baş verir. Bazarların və istehsalın rəqabətli olmamasının inflyasiyaradıcı potensialı hansı səviyyədədir?

Ümumiyyətlə çox yaxşı olar ki, Mərkəzi Bank aylıq geniş məlumatlarla zəngin inflyasiya hesabatı açıqlasın. Bu hesabatda qeyd elədiyim istiqamətlər üzrə informasiyalarla yanaşı MB özünün regional bölmələri vasitəsilə apardığı alternativ qiymət ölçümlərinin, ev təsərrüfatlarının inflyasiya gözləntilərilə bağlı sorğularının nəticələri, həmçinin qeyri-neft xarici ticarətimizdə ən azı 90% payı ölkələrin hər biri üzrə manatın ikitərəfli nominal və real effektiv məzənnələrinin dinamikası barədə məlumatlar əks etdirsin».