Qiymət artımının subyektiv səbəbi məmur biznesi, inhisarçılıqdır – Ekspertbackend

Qiymət artımının subyektiv səbəbi məmur biznesi, inhisarçılıqdır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Süni qiymət artımı varsa, ölkədə bazar iqtisadiyyatı yoxdur, süni qiymət artımı varsa, rəqabətli mühit yoxdur. Süni qiymət artımı etirafdır, ölkədə primitiv məmur-dövlət kapitalizm sisteminin olmasına işarədir. Pərakəndə satışda süni qiymət artımı anlayışı olmur, mümkün deyil, ölkədə heç bir qanun sahibkara qiymətqoymada məhdudiyyətlər qoya bilməz. Sahibkarın yeganə öhdəliyi qazancdan vergi verməkdir – vəssalam. Yəni, pərakəndə satışla məşğul olan sahibkar 1 manata aldığını 5 manata da sata bilər, qazandığı 4 manatın bütün vergilərini verməlidir, sadəcə rəqabətli mühit olanda heç kəs qiymətləri kəskin artıra bilmir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, ölkədə yalnız tarif şurasının təyin etdiyi, dövlət tərəfindən tənzimlənən qiymətlərdə süni artım anlayışı ola bilər, məsələn, Aİ92 1 manatdır, hansısa yanacaqdoldurma stansiyası bunu 1 manat 20 qəpiyə satsa, bu qanun pozuntusu, süni qiymət artımıdır: “Dövlətin vəzifəsi, işi sahibkara “natəmiz”, və ya “işbaz” demək deyil, sahibkarlar üçün ədalətli hakim və tənzimləyici rolunda olmaqdır. Süni qiymət artımı məmurların himayəsində olan iri holdinqlərdə, şirkətlərdə ola bilər, əgər “natəmiz” onlardırsa, məmurları biznesdən qoparsınlar, topdansatış bazarına nəzər yetirsinlər. Prezident hər dəfə süni qiymət artımından danışanda, məmurlar nəzarəti artıracaqlarını deyəndə bu sonda kiçik sahibkarların başında çartlayır, onlar qanuni-qanunsuz cərimələyirlər, bununla da iş bitir”.
N. Cəfərli qeyd edib ki, qiymət artımının səbəbləri çoxdur. Obyektiv səbəb dünyada da qiymətlərin artması, logistikanın bahalaşmasıdır, subyektiv səbəblər isə məmur biznesi, inhisarçılıqdır.
Ekspertin dediyinə görə, bu gün qısa vaxtda qiymətlərin azaldılmasının və ya heç olmasa artımın qarşısının alınmasının tək yolu əsas ərzaq malları və dərman pereparatlarında gömrük rüsumlarının sıfırlanması, ƏDV-nin isə ləğv edilməsidir, orta-uzun vadəli yol yerli istehsalın yaranması, artırılması, ədalətli rəqabətli mühitin formalaşdırılmasıdır: “Başqa yol yoxdur, natəmiz sahibkar olmur, natəmizliyi təşviq edən sistem olur”.