Qiymət artımı davam edir, qarşısını almaq asan deyil – Vahid Əhmədovbackend

Qiymət artımı davam edir, qarşısını almaq asan deyil – Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İqtisadiyyat naziri Mikayıl Cabbarov “yüksək qiymətlərdən sonrakı böhran”a hazır olmağın vacibliyindən danışıb.
Onun sözlərinə görə, nə vaxt baş verəcəyi dəqiq bilinməsə də, planlarımızı buna uyğun qurmalıyıq.
Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlama verib.
O, M. Cabbarovun fikirlərində müəyyən həqiqətlərin olduğunu bildirib:
“Yalnız Azərbaycanda deyil, bütün dünyada böhran müşahidə olunur. Böhranın bir neçə səbəbi var. Əsas səbəblərindən biri Ukrayna-Rusiya müharibəsidir. Müharibə faktiki olaraq, ixracda əsas rol oynayan və onlara yaxın olan dövlətlər üçün böhran deməkdir. Hansı ki, kənd təsərrüfatı məhsullarının ixracında Ukrayna, neft və qaz məhsullarında isə Rusiya əsas dövlətlərdəndir. Bu iki dövlət arasında müharibə dünya iqtisadiyyatına öz təsirini göstərib. Azərbaycan da hər iki dövlətlə sıx əlaqədədir. Xüsusilə Rusiyadan müəyyən qədər ərzaq məhsulları idxal edirik. Qiymətlər ilin əvvəlindən artmağa başlayıb və davam edir. Bunun səbəbi Azərbaycana idxalın kifayət qədər yüksək olmasıdır. Çünki idxal etdiyimiz məhsulla bərabər həm inflyasiya, həm də qiymət artımını müşahidə edirik”.
V.Əhmədov Azərbaycanda çox dərin böhranın gözlənilmədiyini diqqətə çatdırıb:
“Ola bilər, müəyyən məhsullarda qiymət artımı olsun. Amma Azərbaycanın kifayət qədər ehtiyatı var. Eyni zamanda ölkəmizin istənilən dövlətlə müqavilə bağlayıb, tapılmayan məhsulları idxal etmək imkanları çoxdur. Əlbəttə, qiymət artımı var və davam edir. Artımın qarşısını almaq o qədər asan məsələ deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var”.
Millət vəkili Azərbaycanın taxıl ehtiyatı barədə də danışıb:
“Müəyyən danışıqlardan sonra Ukrayndan taxılın ixracına icazə verildi. Bu, böyük qələbədir. Ukraynada təxminən 20 milyon tona yaxın taxıl var ki, ixrac olunmalıdır. Azərbaycanın da müəyyən qədər ehtiyatı var. Eyni zamanda, Azərbaycan hökuməti digər dövlətlərlə danışıqlar aparır ki, taxılla əlaqədar heç bir problem olmasın. Müəyyən qiymət problemi ola bilər. Lakin taxılın alınması, maliyyə məsələsində ciddi problem gözləmirəm”.