Tribuna İnformasiya Agentliyi

Qırğız Respublikasının sabiq DGX sədri Azərbaycandan ekstradisiya olunub

28 Dekabr

Korrupsiya ittihamları ilə beynəlxalq axtarışa verilmiş Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusov Azərbaycandan Bişkekə ekstradisiya olunub.

Bu barədə “Report” Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Bu il dekabrın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğu Qırğız Respublikası Baş Prokurorluğunun vətəndaş A.Junusovu Qırğız Respublikası Hökuməti yanında İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin icraatında olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ekstradisiya olunması xahişini qəbul edib”, – Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, dekabrın 28-də İqtisadi Cinayətkarlıqla Mübarizə üzrə Dövlət Xidmətinin əməkdaşları Qırğızıstanın Baş Prokurorluğunun tapşırığı əsasında A.Junusovu Bişkekə aparıblar.

Məlumatda vurğulanır ki, ekstradisiya Qırğız və Azərbaycan Baş Prokurorluqlarının qarşılıqı əməkdaşılığı sayəsində mümkün olub.

Xatırladaq ki, A.Junusov bu il dekabrın 5-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Azərbaycan Qırğız Respublikası DGK-nın sabiq rəhbərinin ekstradisiyasına icazə verib.