Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyinin sədri laboratoriyanın şəraiti ilə tanış olub

03 May

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin 2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.
“Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqanı müəyyən olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyasına baxış keçirib, laboratoriyanın işçi heyəti və mövcud vəziyyətlə tanış olub.
Qida Təhlükəsizliyi Agentliyinin sədrinə laboratoriyanın fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.

TİA.AZ