Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyinin sədri bölgələrə səfəri çərçivəsində Salyan sakinləri ilə görüşüb

18 İyun

Bölgələrə səfəri çərçivəsində iyunun 18-də Salyanda olan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əvvəlcə Salyan şəhərində fəaliyyət göstərəcək Salyan Regional Mərkəzinin iş şəraitinə yerində baxış keçirib. Həmçinin Salyan Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün həyata keçiriləcək tədbirlərdən danışıb, bununla bağlı olaraq vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayıb.

Daha sonra Q.Təhməzli Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşüb. Görüşə gələn vətəndaşlar əsasən agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Agentlik sədri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətləri ilə bağlı aidiyyəti bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamları vətəndaşların diqqətə çatdıran Agentlik sədri əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı müasir innovasiyaları tətbiq etməklə təhlükəsiz və şəffaf mühitin inkişaf etdirilməsi olduğunu vurğulayıb.

TİA.AZ