Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyinin sədri Bərdə sakinləri ilə görüşüb

09 İyun

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Bərdə şəhərində fəaliyyət göstərəcək Bərdə Regional Mərkəzinin iş şəraitinə yerində baxış keçirib.

Həmçinin Bərdə Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayıb.

Daha sonra Q. Təhməzli iyulun 1-dən etibarən qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi Bərdə “ASAN xidmət” mərkəzində ayrılmış bölməyə baxış keçirib. Q.Təhməzli mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlara əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqini təmin etmək olduğunu bildirərək qeydiyyatın və dövlət reyestrinin aparılması ilə bağlı göstəriş və tövsiyyələrini verib.

Səfər çərçivəsində Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən Agentlik sədri vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib. Görüşə gələn vətəndaşlar əsasən Agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər. Q.Təhməzli sakinləri qəbul etdikdən sonra müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlarla görüşdə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamları diqqətə çatdıran Agentlik sədri həyata keçirilən tədbirlərin qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, sahibkarlar üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyini bildirib.

TİA.AZ