Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyində Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib

07 May

Mayın 7-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü  ilə açan Agentliyin sədri Qoşqar Təhməzli Ulu Öndərin Azərbaycanın gələcək inkişafının təməli istiqamətində açdığı geniş imkanlardan və bununla bağlı sonsuz xidmətlərindən söz açıb. Ümummilli Liderin yeritdiyi siyasətin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığını, məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq cəmiyyətin bütün sahələrində, o cümlədən insanların rifahı, sağlamlığı və qida təhlükəsizliyinin təmin olunması istiqamətində böyük canlanma yaratdığını qeyd edib. Ulu Öndərin hakimiyyəti dövründən başlayaraq, Azərbaycanın hər sahədə böyük nailiyyətlər əldə etdiyini, vətəndaşların rifahı və rəqabətə davamlı iqtisadiyyatın qurulması və digər bu kimi mühüm istiqamətlərdə inkişafın həyata keçirildiyini deyib. Agentliyin sədri bildirib ki, ölkə prezidentinin sərəncamı ilə yeni fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyi və qarşıya qoyulmuş vəzifələr bu istiqamətdə irəli doğru atılmış böyük bir addımdır.

Agentliyin sədri daha sonra Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edib. Qoşqar Təhməzli qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Agentliyin sədri bildirib ki, ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasının inkişafı və tərəqqisi naminə həyata keçirdiyi daxili və xarici siyasətinin uğurlu nəticəsidir ki, dövlətimiz günü gündən çiçəklənir, inkişaf edir.

Sədrin çıxışndan sonra Agentliyin sədr müavini Rüfət Rüstəmzadə, Sertifikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri Nübar Hüseynli çıxış nitqi edərək, Ulu Öndərin Azərbaycan naminə gördüyü işlərdən danışıblar.

TİA.AZ