Tribuna İnformasiya Agentliyi

Qida Təhlükəsizliyi Agentliyi: “Keşlədəki ailə faciəsi dəm qazından baş verib”

03 Dekabr

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborator müayinələrin nəticələrini gözləmədən yalnış məlumatların yayılması hallarına rast gəlinir ki, bu da son nəticədə insanlar arasında çaşqınlığın yaranmasına səbəb olur.

 

Bu haqda TİA.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

 

Qeyd olunub ki, bir sıra saytlar ötən həftə Şəki və Qazax rayonlarında insanların səhhətində yaranmış problemləri yanlış olaraq qida zəhərlənməsi kimi təqdim ediblər.

 

Bildirilib ki, saytlar yenidən heç bir araşdırmanın nəticəsini gözləmədən Keşlə qəsəbəsində baş vermiş hadisənin qida zəhərlənməsi səbəbindən baş verdiyi haqda gerçəkliyi əks etdirməyən, reallıqdan uzaq məlumatlar yayırlar.

Qida Təhlükəsizliyi Agentliyi həmin saytları bu cür məlumatları yayarkən diqqətli olmağa, yalnız rəsmi olaraq aparılan araşdrımalara və lobarator müayinələrin nəticələrinə əsaslanmağa çağırır.

 

“Məlumat üçün bildiririk ki, 01.12.2018-ci il tarixində Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyininə məlumat daxil olub.

Bununla əlaqədar Agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb.

Həmçinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.

Aqentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olub.

İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürəkbulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksigen terapiya və medikamentoz müalicə təyin edilib.

Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilib.

Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb”-deyə bildirilib.