QİÇS-lə Mübarizə Mərkəzi təəccübləndirməkdə davam edir…backend

QİÇS-lə Mübarizə Mərkəzi təəccübləndirməkdə davam edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 1 il əvvəl keçirdiyi tenderlə bağlı bu gün, yəni 12 mart 2021-ci il tarixində satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, 2020-ci ilin martın 18-də keçirilən və məbləği 199 min 560 manat olan tədbirlə əlaqədar mal-materialların satınalınması müsabiqəsinin qalibi “Lofgbo” MMC olub. Bu gün həmin şirkətlə satınalma müqaviləsi bağlanılıb. Hansı ki, tenderin həyata keçmə müddəti 29.03.2020-31.12.2020 tarixləri göstərilir. Bu isə o deməkdir ki, QİÇS mərkəzi ötən il gördüyü işin pulun şirkətə bu il ödəyir.
Tenderin şərtlərinə görə, 120000 ədəd xüsusi loqo və yazılı laminasiyalı döş nişanı (diametri 60 mm), 120000 ədəd xüsusi loqo və yazılı qələmvə 120000 ədəd xüsusi loqo və yazılı laminasiyalı 350 qr bristol karton-ipli paket (30sm x 20sm) mərkəz üçün alınmalı idi.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LOFGBO” MMC-nin 13.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi, ev 67, qanuni təmsilçisi kimi isə İmranov Fərid Bakir oğlu qeyd olunub. Reyestr məlumatlarından da göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi ötən ilin fevral ayında yaradılmış MMC-ni 1 ay sonra tender qalibi edib.
Qeyd edək ki, mediada QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən keçirilmiş tenderlərlə bağlı yayılan məlumatlarda mərkəzin tenderlərinin satınalmalar haqqında qanunverciliyin tələblərinə cavab vermədiyi bildirilir.
“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 1 ay əvvəl yaradılmış MMC-nin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Yeri gəlmişkən, QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi tenderləri qazanan şirkətlər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur