Qələbə ilə bağlı əsərlər yazılır, sadəcə oxumaq lazımdır – Yazı əhli Mirşahinə qarşıbackend

Qələbə ilə bağlı əsərlər yazılır, sadəcə oxumaq lazımdır – Yazı əhli Mirşahinə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, ötən gün “Real TV”nin rəhbəri, jurnalist Mirşahin Ağayev qələm sahiblərini sərt tənqid edib.O “Mir Şahinin vaxtı” layihəsində çıxış edərkən onların Vətən müharibəsindəki qələbəmizlə bağlı əsərlər yaratmamalarından şikayətlənib.
 
Məsələ ilə bağlı Bakupost.az -a Xalq şairi Nəriman Həsənzadə açıqlama verib.
O bildirib ki, qələbə ilə bağlı kifayət qədər yazılar var:
 
“Mənim Mirşahin müəllimə çox böyük hörmətim var. Sözün həqiqi mənasında, qələbəmizlə bağlı nə qədər yazsaq, azdır. Lakin bu barədə kifayət qədər yazılar, şeirlər yazılıb”.
Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının nümayəndələri, xalq şairləri, yazıçılar qələbəmizlə bağlı ayrıca kitab buraxıblar:
“Özüm də bu barədə poemalar, çoxlu şeirlər yazmışam. “Ədəbiyyat” qəzetinin səhifələrini vərəqləsələr görərlər ki, cənab Prezidentə, qələbəmizə, Şuşa fatehlərinə səhifə-səhifə həsr etdiyimiz yazılarımız var. Sadəcə “Ədəbiyyat” qəzetinə və “525-ci qəzet”ə baxsınlar. Eyni zamanda “Azərbaycan” qəzetində mənim bu barədə poeamalarım çıxıb. Mirşahin müəllim ziyalı adamdır, niyə elə deyir? İndi ola bilsin bu dərc olunan yazılar onu təmin eləmir, o başqa məsələdir. Ancaq şairlərimiz daim qələbəmizi böyük məhəbbətlə təbliğ edirlər. Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədriyəm, bizim üzvlərin hamısının qələbəmizə həsr olunan çoxlu əsərləri çap olunub. Əlbəttə, bunlar illər boyu tərənnüm olunacaq.
Eyni zamanda Zəfər yoluna, Ordumuzun xidmətlərinə da xeyli əsərlər həsr olunub. Heç şübhəsiz, bu azdır, hələ yazılacaq. Bu ənənə davam edir”.
Xalq şairi Vahid Əziz də məsələ ilə bağlı fikirlərini bildirib.
O, qələbəyə həsr olunmuş əsərlərin olduğunu deyib:
“Şəxsən mən müharibə dövründə 100-dən çox şeir, 1 poema yazmışam. Müharibədən sonra “Param-parça illər” adlı kitabım nəşr olunub.133 şeirdən ibarət kitabda Şuşa zəfəri də əksini tapıb. “Şuşam mənim” mahnısının sözləri də mənə aiddir. Prezident Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan etdikdən sonra bəstəkar Könül Hüseynova bu mahnını bəstələyib, Xalq artisti Fidan Hacıyeva isə ifa edib”.
Xalq şairi vurğulayıb ki, gənclərdə vətənpərvərlik ruhunun yaranmasında Azərbaycan yazıçılarının şeirlərinin böyük rolu olub:
“Şairlər, yazıçılar heç nə etmir demək düzgün deyil. Azərbaycan ədəbiyyatının, yazıçılarının zəhmətini yerə vurmaq olmaz. Hər şeyin etikası, qaydası olmalıdır. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də müharibəyə aid “Qarabağ dastanı” adlı çox yaxşı kitab nəşr etdirib. Kitabda 30 illik həsrətin zəfəri əks olunub. Mətbuat dəqiq bilmədən, xəbəri olmadan ittiham edir. Belə etməklə yazıçıları gözdən salırlar”.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin fikrincə, zəfərə həsr olunmuş yazılar var, sadəcə oxumaq lazımdır:
“Müharibə dövründə də, ondan sonra da kifayət qədər əsərlər yazılıb. Müharibədən sonra biz “Ulduz” jurnalı olaraq üç nömrə buraxmışıq. Onun biri estetika, biri nəsr, biri də poeziyadır. Hər üçü Vətənə, Vətən müharibəsindəki zəfərə həsr olunub. 30 il ərzində yazılan əsərlərlə yanaşı, son il yarım ərzində qələbəyə həsr olunmuş kifayət qədər yazılar var: almanaxlar, nəsr əsərləri, toplular, esselər. Keyfiyyəti kənara qoyuram, amma kəmiyyət etibarilə kifayət qədər yazılar var. Kim oxuyub, kim oxumayıb, o başqa məsələdir. Ədəbi orqanları, jurnalları izləsinlər, görəcəklər ki, kifayət qədər material var.
Bundan başqa, Mədəniyyət TV-nin verilişlərində qələbə ilə bağlı çoxlu şeirlər səsləndirilir.
Yəni düşünmürəm ki, belə əsərlər, şeirlər yoxdur, əlbəttə, var. Sadəcə oxumaq lazımdır”.