Qazın qiyməti niyə fantastik həddə qalxıb? – “Qazprom”un oyunları və…backend

Qazın qiyməti niyə fantastik həddə qalxıb? – “Qazprom”un oyunları və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa bazarında təbii qazın qiyməti görünməmiş həddə artıb və belə görünür ki, bu qış avropalılar qızınmaq üçün ötən ilə nisbətən azı 2-2.5 dəfə çox pul xərcləməli olacaqlar. virtualaz.org xəbər verir ki, bunun səbəbi Avropanın əsas qaz təchizatçısı və bazarda inhisarçı mövqeyini qoruyub saxlamağa çalışan “Qazprom” şirkətidir.

Son məlumatlara görə, Niderlandın “Title Transfer Facility” (TTF) satış mərkəzində təbii qazın min kubmetr üçün fyuçers qiyməti 542,5 dollara çatıb. Bu, 2021-ci il üçün rekord qiymətdir və ekspertlər son 30 gün ərzində Avropada təbii qazın 30 faizdən çox, yaxud min kubmetrə görə 130 dollar bahalaşdığını qeyd edirlər.

Təbii qazın bu cür sıçrayışla bahalaşmasının səbəblərindən biri avqustun 4-dən 5-nə keçən gecə “Qazprom”un Yamal-Nen Muxtar Vilayətində, Urenqoy şəhərində yerləşən və qaz kondensatını boru kəməri ilə nəql olunmaq üçün ilkin emal edən zavodda partlayışla müşaiyət olunan yanğın hesab edilir. Qəza zamanı xəsarət alan olmayıb və personal vaxtında təxliyə edilib. “Qazprom”dakı mənbələr RBC agentliyinə deyiblər ki, qəza səbəbindən şirkətin Urenqoydakı və Yamburqdakı əsas qaz yataqlarından qaz və kondensatın eyni vaxtda qəbulu mümkün olmayıb. Nəticədə “Yamal-Avropa” qaz kəməri ilə Avropaya qazın nəqli kəskin-iki dəfədən çox azalıb. Bunun ardınca Avropada təbii qazın qiyməti növbəti rekordu vurub və avqustun 6-da 540 dollara çatıb.

Bu gün səhər saatlarında “Qazprom” zavodda baş vermiş qəzanın nəticələrinin aradan qaldırıldığını və “Yamal-Avropa” kəməri ilə qaz nəqlinin əvvəlki həcminin (saatda 1.8 milyon kubmetr) demək olar, bərpa edildiyini açıqlayıb. Almaniyanın qaz nəqli operatoru “Gascade” şirkəti isə bildirir ki, avqustun 5-dən etibarən Polşadan keçən “Yamal-Avropa” kəməri ilə nəql olunan qazın həcmi saatda 1.9-2.1 milyon kubmetrdən 1 milyon kubmetrə qədər azalmışdı. Lakin bu gün nəql olunan qazın həcmi saatda 1.8 milyon kubmetrə qədər artıb.

Lakin belə görünür ki, Avropada təbii qazın qiymətinin rekord səviyyədə qalxması təkcə “Qazprom”un zavodunda baş vermiş qəza deyil. Çünki daha əvvəldən də Avropada qazın topdansatış qiyməti sürətlə artmaqda idi. Əsas səbəb isə “Qazprom”un Avropadakı yeraltı anbarlarında qaz ehtiyatlarının sürətlə tükənməsi olub.

Bəzi analitiklərə görə, “Qazprom” Avropa İttifaqında süni şəkildə qaz qıtlığı yaradır və bu zaman iki məqsəd güdür: “Şimal axını-2” (Ukraynadan yan keçməklə) qaz kəməri layihəsinə qarşı sanksiyaları dayandırmaq və kəmərin tikintisini sürətlə tamamlamaq, nəticədə Avropa bazarında inhisarçı mövqeyini möhkəmlədərək bir tərəfdən də Ukrayna üzərindən qaz tranzitini dayandırmaq, beləliklə də Kiyevi iqtisadi baxımdan sıxışdırmaq. Belə ki, tezliklə Avropa Komissiyası “Şimal axını-2” kəmərinə sertifikat verilməsi məsələsini nəzərdən keçirməlidir və belə bir vaxtda Avopada qazın qıtlığı “Qazprom”un sertifikat alması üçün əlavə arqument olardı. Digər məqsəd isə təbii ki, Avropada qazın qiymətlərinin artmasına səbəb olmaq və daha çox gəlir əldə etməkdir. Eyni zamanda süni qaz qıtlığı Avropada “Qazprom”un əvəzedilməz təchizatçı olduğunu göstərmək üçün də işə yarayır.

“Qazprom”un süni qaz qıtlığı yaratmasına dəlalət edən faktlar bundan ibarətdir ki, şirkət Avropadakı yeraltı qaz anbarlarını sanki qəsdən boşaldır, müqavilə öhdəlikləri üzrə təbii qazı bu anbarlardan təmin edir. Bu səbəbdən Avstriyadakı Baumqarten qaz habında yeraltı anbarların hazırda cəmi üçdə biri doludur. Hərçənd ötən illər bu anbarların ən azı üçdə ikisi dolu olurdu. Almaniyanın yeraltı qaz anbarları isə yarıya qədər boşdur.

Bundan başqa, iyulun sonlarında “Qazprom” özünün Avropadakı yeraltı qaz anbarlarına qaz vurulmasını qismən azaldıb, hətta bəzi anbarlardan qaz götürməyə başlayıb. Ekspertlər yeraltı anbarların bundan sonra da yarıboş qalacağını istisna etmirlər.

Avropada qaz anbarlarının boş olmasına baxmayaraq “Qazprom” “Yamal-Avropa” kəməri ilə qaz nəqlini (zavodda baş vermiş qəzadan əvvəl) artırmayıb, əksinə gündə 82 milyon kubmetrdən 35 milyon kubmetrə qədər azaldıb.

İki il əvvəl “Qazprom”un Avropadakı yeraltı anbarlarında ifrat qaz bolluğu nəticəsində qiymətlər kəskin aşağı düşmüşdü və Rusiya qaz inhisarçısı milyardlarla dollar itirmişdi.

Avropada qazın qiymətinin bu cür artması əlbəttə ki, TAP kəməri ilə Avropaya ildə 10 milyard kubmetr qaz nəql edən Azərbaycan üçün də sərfəlidir. Çünki yüksək qiymətlər Cənub Qaz Dəhlizinə yatırılmış on milyardlarla dollar investisiyanın geri qayıtmasını da tezləşdirə bilər. Lakin qiymətlər nə qədər belə yüksək qalacaq, o haqda aydın təsəvvürlər yoxdur və analitiklər qaz bazarında vəziyyətin kifayət qədər qeyri-stabil olduğunu qeyd edirlər.