Qazaxıstanda son vəziyyət necədir?backend

Qazaxıstanda son vəziyyət necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstan Dəmir Yolları şirkəti ölkənin üç rayonunda fövqəladə vəziyyət elan olunmasına görə bir sıra qatar reyslərini təxirə salıb.
Qaynarinfo “Report”a istinadən xəbər verir ki, Almatı ilə yanaşı, Makat və Lem vilayətlərində də dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.
Bildirilib ki, hazırda qatarlar müvəqqəti olaraq qovşaq stansiyalarında yerləşdirilib. Sərnişinlər yemək və su ilə təmin olunublar.
Məlumata görə, 46 yük qatarının da hərəkəti dayandırılıb.
Həmçinin Almatı hava limanının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb. Amma aeroport rəhbərliyi bunu təkzib edib. Bildirlib ki, hava limanı əvvəlki qrafiklə işini davam etdirir.
Bundan başqa, Almatının İcra Hakimiyyətinin, şəhər prokurorluğunun binaları, habelə hakim “Nur Otan” Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.
Təsdiqlənməmiş məlumata görə, aksiyanı dağıtmağa çalışan hərbçi isə güllə yarası alıb.
Bildirilib ki, Almatı şəhərindəki iğtişaşlar nəticəsində 33 xüsusi təyinatlı avtomobil dağıdılıb və yandırılıb. Məlumata görə, onlardan 16-sı polis, 7-si təcili tibbi yardım, 2-si yanğınsöndürən, 7-si yük maşını və 1-i yanacaqdaşıyan avtomobildir. Vurğulanıb ki, iğtişaş zamanı 300-ə yaxın müəssisə, o cümlədən 120 dükan, 100-dən artıq ofis və 80 ictimai iaşə obyekti dağıdılıb.
Etiraz aksiyaları davam edir.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.
Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.
Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.
Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.
Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.
Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.