Qazandığından artığını bankına yatıran onkoloq – ARAŞDIRMAbackend

Qazandığından artığını bankına yatıran onkoloq – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2010-cu ildə Azərbaycanın bank sektorunda yeni bir oyunçu peyda oldu. Adı “Bank BTB” olan yeni kredit təşkilatı el arasında “Bakı Ticarət Bankı” kimi tanındı. Adıçəkilən bank 12 milyon manat məbləğində nizamnamə kapitalı ilə yola çıxdı. Əliaçıq səhmdarın kimliyi hər kəsi maraqlandırırdı. Index.az-ın araşdırmaları göstərir ki, bankın səhmlərinin 75%-ı Nigar Mehdiyeva adlı bir xanıma məxsus idi. Başqa sözlə, Nigar xanım yeni banka 9 milyon manat yatırmışdı. Heç kimin tanımadığı investor ambisiyalarını artıq həmin vaxtdan göstərmişdi…

NİGAR MEHDİYEVA KİMDİR?

Mehdiyeva Nigar İsmayıl qızı 1977-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspirant olaraq təhsilini davam etdirib, 2002-2004 cü illərdə isə N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində Tibb elmləri namizədi adını alıb. 2006-ci ildə Onkoloji kafedranın asistenti, 2010-cu ildən isə dosent adını alıb.

Moskvada N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində doktorluq dissettasiyasını müdafiəsi üzrə işini tamamlayaraq tibb elmləri doktoru adını alıb.

Deyilənə görə, süd vəzi onkologiyası üzrə aparıcı mütəxəssis olub və bir müddət onkoloq kimi fəaliyyət göstərib.

İDDİALI ŞƏXS HAQQINDA İDDİALAR

Bundan əvvəlki hissəni oxuyan hər bir oxucumuz sual verə bilər ki, onkoloqda 9 milyon manat hardandır? Mətbuat iddia edir ki, Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlinidir. Maraqlıdır ki, bu məlumat indiyədək təkzib olunmayıb. Düşünürük ki, daşlar yerinə oturmağa başlayır…

Hadisələri qabaqlayaraq qeyd edək ki, Nigar Mehdiyeva bu günə qədər bankın səhmlərinin 75%-nə sahibdir. Maraqlısı budur ki, 2014-cü ildən etibarən (bu günə qədər) bankın Müşahidə Şurasının sədri Rza İsmayıl oğlu Sadiqdir. Rza Sadiq ilə Nigar Mehdiyevanın uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir. İsmayıl Sadıqov yaş həddinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Yeri gəlmişkən, “Bank BTB”-nin səhmlərinin 19%-i Rza Sadiqə məxsusdur. Beləliklə, bacı-qardaş birlikdə səhmdar kapitalının 94%-nə nəzarət edir.

Onu da qeyd edək, 6%-lik səhm paketi Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

DEVALVASİYAYA QƏDƏRKİ DÖVR

Yarandığı gündən “Bank BTB” səhmdarlarına gəlir gətirməyə başladı. 2010-cu ildə bankın qazancı 352.5 min manat oldu. Halbuki, beynəlxalq səviyyədə qəbul olunmuş standartlara görə, yeni biznes layihələri 1-3 il gəlir gətirməyə bilər. Amma heç kəsə sirr deyil ki, manatın devalvasiyasına qədər banklar yuxarı faizli kreditlərlə asan qazanc ardınca qaçırdı. Milli valyutanın ucuzlaşmasına qədər əhalinin gəlirləri məsuliyyətsiz kreditləşməyə imkan verirdi, banklar isə məsuliyyətli kreditləşnməni heçə sayaraq, müştərilərin iştahasından ilk fürsətdəcə istifadə edirdi. Üstəlik, kreditlər dollarla verilirdi. Index.az-ın hesablamaları göstərir ki, 2015-ci ilədək “Bank BTB” toplamda 12 milyon manat məbləğində mənfəət əldə edə bildi. Təbii ki, əsas səhmdar olaraq Nigar Mehiyeva ən azı “maya”sını çıxara bilmişdi…

DEVLVASİYADAN SONRAKI DÖVR

Devalvasiya hamımız üçün unudulmaz bir dərs oldu. Eyni zamanda bu proses bankların kortəbii şəkildə idarə olunduğunu əyani şəkildə isbat etdi. Elə devalvasiyanın baş verdiyi 2015-ci ildə “Bank BTB” (bir çox banklar kimi) 3.4 milyon manatdan çox zərərə uğradı. Index.az-ın hesablamaları göstərir ki, ard-arda 3 il zərərlə işləyən bank 2016-cı ili 12.2 milyon manat ziyanla başa vurdu. 2018-ci ilin sonunda isə yığılmış zərər 15 milyon manat həddini aşdı. Nəhayət 2019-cu ildə bank 3 milyon manata yaxın mənfəət əldə etməyə müvəffəq oldu, lakin çətin ki, bankın rəhbərliyi və səhmdarları yığılmış zərərin 12 milyon manata enməsinə ürəkdən sevinsin.

Səhmdarlar dəfələrlə bankın nizamnamə kapitalını artırıb. Sonuncu dəfə 2019-cu ildə bankın səhmdar kapitalı 52 milyon manatdan 66.450 milyon manata çatdırıldı.

“Bank BTB” 2020-ci il üzrə audit hesabatını hələlik açıqlamasa da, balans hesabatından məlum olur ki, xalis mənfəəti 9.1 milyon manatdan bir qədər çoxdur.

NİGAR MEHDİYEVA NƏ QƏDƏR QAZANIB?

Göründüyü kimi, bankın fəaliyyətini iki mərhələyə bölmək olar. Index.az-ın hesablamaları göstərir ki, devalvasiyaya qədər Nigar Mehdiyeva 9 milyon manat qazanıb. 2015-ci ildən sonra isə ixtisasca həkim olan investor bankın dərdinə dərman olmağa çalışıb. Başqa sözlə, devalvasiyadan sonra bank adıçkilən xanıma 1 qəpik belə qazandırmayıb. Bu azmış kimi, Nigar xanım təkcə son kapital artımında banka 10.905 milyon manat yatırıb. Nəzərə almaq lazımdır ki, bank bunadək mərhələli şəkildə kapitallaşmaya gedib.