Tribuna İnformasiya Agentliyi

“Qayınatamdan oğurluq maşın almışam” – Dəstə üzvlərindən etiraflar – VİDEO

08 Noyabr

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları maşın oğurluğu ilə məşğul olan və ələ keçirdikləri nəqliyyat vasitələrinin ban nömrələrini dəyişərək, eləcə də ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstənin üzvlərini ifşa edib.

ARB TV xəbər verir ki, dəstə üzvləri – əvvəllər məhkum olunmuş Bakı sakinləri – Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı müəyyən edilib ki, Y.İmanov və R.Nağıyev Sumqayıt şəhəri və ətraf ərazilərdən ümulikdə ayrı-ayrı vətəndaşlara məxsus 6 nəqliyyat vasitəsi oğurlayıblar.

Yunis İmanov – Saxlanılan şəxs: “Tofaşı qaçırdım, açar üzərində, qapısı açıq idi. Mindim, çıxdım getdim. Maşını bir-iki gün aparıb Yasamalda gizlətdim. Ondan sonra Rafiq dedi ki, adam var gəl aparıb ona verək. Aparıb Cəlal adlı şəxsə 600 manata satdıq”.

Rafiq Nağıyev – Saxlanılan şəxs: “İlk dəfə Yunislə Sumqayıt şəhərindən maşın aparıb, Cəlala satmışıq. Birinci maşını 500, ondan sonrakını 700, bir başqasını isə 600 manata vermişik. Yunislə birgə dörd maşın oğurlayıb, satmışıq. Qalan iki maşını da satmaq üçün Yunisə mən köməklik etmişəm”.

Əsasən “Vaz” və “Tofaş” markalı avtomobilləri qaçıran dəstə üzvləri əldə etdiklərini Cəlal Əliheydərovun Biləcəri qəsəbəsində yerləşən evinin həyətinə gətiriblər. Burada maşınların ban nömrələrini dəyişiblər. Bəzi avtomobilləri isə sökərək ehtiyyat hissələri halında satıblar.

Cəlal Əliheydərov – Saxlanılan şəxs: “Rafiqlə Yunus oğurluyub gətiriblər həyətimə və dedi ki, söküb yenidən rəngləyək. Sonra dedi ki, sənədi olan nömrə varsa səndə? Dedim var. Ona sənəd verdim. Ustayam da, köməklik etdim ona. Qara “06”nı da 500 manata satırdı, alıb kürəkənimə hədiyyə etdim”.

Oğurlanan avtomobillərdən ikisi qanunsuz olaraq dəyərindən aşağı qiymətə satılıb. Axtarış əməliyyatının davamı olaraq paytaxt sakinləri Mahmud Həsənov və dəstə üzvü C.Əliheydərovun kürəkəni Füzuli Rəcəbov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Hər iki şəxs aldıqları avtomobillərin oğurluq olduğunu əvvəlcədən biliblər.

Qeyd edək ki, oğurluq maşınları alan şəxslərdən biri – F.Rəcəbov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Onun idarə etdiyi nəqliyyat vasitəsinə və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə olan “Metamfetamin”, 1 ədəd küstar üsulla hazırlanan bıçaq və göz yaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Mahmud Həsənov – Saxlanılan şəxs: “Bildim ki, bunlar oğurluqla məşğul olurlar. Rafiq və Yunisdən “07”ni aldım. Cəlalgilin qapısında nömrələri dəyişildi “maskviç” nömrəsi qoyuldu, maşını götürdüm. 460 manata yaxın pul ödədim”.

Fizuli Rəcəbov – Saxlanılan şəxs: “Qaynatam Cəlaldan 500 manata oğurluq “06” almışam. Oğurluq olduğunu bilirdim”.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.