QARAQALPAQDA DONBAS SSENARİSİ: ÖZBƏK PREZİDENT SEPARATİZMİ BEŞİKDƏ BOĞUR? – SİYASƏTÇİ VƏ JURNALİSTDƏN MÖVQEbackend

QARAQALPAQDA DONBAS SSENARİSİ: ÖZBƏK PREZİDENT SEPARATİZMİ BEŞİKDƏ BOĞUR? – SİYASƏTÇİ VƏ JURNALİSTDƏN MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Fikrət Fəraməzoğlu Özbəkistanda baş verən iğtişaşlarla bağlı öz təhlilini bölüşüb. TİA.Az bildirir ki, jurnalist hadisələrin gerçək səbəblərini izah edib.
“Qaraqalpak vilayətində insanların etiraza qalxmasını, Özbəkistan hakimiyyətinin bu etirazı zorla yatırması, hətta hadisələrin insan itkiləri ilə müşayət olunması xəbərləri gəlir, videolar yayılır. Bir çoxumuz bu aksiyanı dəstəkləyir, xalqın öz iradəsini ifadə etməsi kimi qiymətləndiririk.
Hər bir xalqın etiraz hüququ var, bu məhdudlaşdırla bilməz. Lakin Qaraqalpakda insanların nəyə etiraz etdikləri, hansı məsələyə müqavimət göstərdiklərini diqqət edəndə Özbəkistan hökumətinə haqq qazandırmaqdan başqa yol qalmır.


O ayrı məsələdir ki, Özbəkistanda Konstitusiya “islahatları” adı altında referenduma hazırlıq gedir. Həmin “islahata” əsasən Şövkət Mirzoyevin prezident səlahiyyətləri müddəti 5 ildən 7 ilə qaldırılacaq və ona əlavə iki dəfə seçilmək imkanın da tanınacaq. Bu çox pis haldır, özbək xalqı buna qəti şəkildə etiraz etməlidir. Lakin faktiki olaraq, özbəklər hakimiyyətin məlum oyununa heç bir etiraz etmir. Qaraqalpaklardan başqa.
Vacib məqam odur ki, qaraqalpaklar nəyə etiraz edirlər? Onların tək etirazı Qaraqalpak Muxtar Vilayətinin öz müqəddəratını təyin etmə və istədikləri vaxt Özbəkistanın tərkibindən çıxmaqla bağlı konstitusion hüquqularının ləğv edilməsidir. Cəmi 2 milyon əhalisi, 165 min kv.km ərazisi olan bir vilayətin camaatı Şövkət Mirzoyevin prezident səlahiyyətlərini mənimsəmə, müddəti artırma istəyinə qarşı çıxmırlar. Bu onların heç veclərinə də deyil. Aksiyaların heç birində bu məsələ xüsusi tələb kimi də qoyulmayıb. Tələblər isə birbaşa separatçılıq, gələcək üçün Özbəkistanın ərazi bütövlüyünü sual altında qoymaq, istədikləri vaxt “biz ayrılırıq, ayrıca dövlət oluruq” deyib, mərkəzi hökumətə təzyiq etməkdir.
Bu prosesi dəstəkləməklə, biz, məntiqlə Özbəkistanda hansısa separatçı hərəkatın tərafdarı olduğumuzu nümayiş etdirmirikmi? O zaman Qarabağdakı separatçıların da “biz müstəqil dövlət olmaq istəyirik” sərsəmləməsinə də etiraz etməməliyik. Məntiqlə Azərbaycan Ordusunun Qarabağda və onun ətraf rayonlarında keçirdiyi antiterror və sülhəməcburetmə əməliyyatlarını sual altında qoymuruqmu? Çünki Qaraqalpaqdakı əhalinin tələbləri ilə Qarabağdakı erməni separatçılarının tələbləri eynidir. Heç bir fərq yoxdur. Hər ikisi təmsil olunduqları ölkənin suverenliyini, ərazi bütövlüyünü sual altında qoymağa çalışırlar. Bəs, belə olan halda Özbəkistan hakimiyyəti nə etməliydi? Qaraqalpakların başını sığallamalıydı ki, ayrılmaq istəyirsiz, buyurun?
Və kim təminat verə bilər ki, Qaraqalpak hadisələrində də Qarabağdakı kimi rusun barmağı yoxdur? Axı, Özbəkistanın daxilində bu bəlanı yaradan elə rusun özüdür. Necə ki, Qarabağı Azərbaycanın daxilində bəla, münqişə ocağı kimi yaradan məhz Kremldi”.


REAL Partiyasının rəsmisi Natiq Cəfərli də mitinqlərə münasibətini açıqlayıb. Onun sözlərinə görə, bəziləri o qədər dayazdırlar ki, dünyanın istənilən yerində mitinq görəndə səbəbləri araşdırmadan həmən cuşa gəlirlər: “Çünki həyatda başqa heç nə bacarmırlar, mitinq, sərbəst toplaşmaq kimi təməl vətəndaş haqqlarını gözdən salırlar, əllərində çəkicdən başqa heç nə olmayanlar ətrafda hər şeyi mismar kimi görürlər.
Özbəkistan məsələsinin açarı 16 may 2022-ci ildə, cəmi 1,5 ay öncə Putinin rəsmi şəkildə Özbəkistanı “KTMT”-yə dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir. Putinin məhz o çağırışından sonra keçən ay Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı, bir neçə gün öncə isə Əliyev ora səfər etdi, əməkdaşlığın genişlənməsi razılaşdırıldı – bunları Putin həzm edə bilməzdi.
Qarakalpak bölgəsi Özbəkistanın 40% (!!!) ərazisində yerləşir, cəmi 1,8 mln. əhalisi var, ölkənin yerdə qalan 60% ərazisində isə 35 mln.-a yaxın insan yaşayır. Yeni Konstitutsiya dəyişikliyində Qarakalpaq Respublikasının referendum yolu ilə müstəqil olması və başqa dövlətə birləşməsi (bu çox vacibdir) maddəsi çıxarılmaq istənildi, həmən bölgə qaynadı, mitinqlər başladı – çünki köhnə maddələr Rusiyaya Özbəkistana DAİM təzyiq etməyə imkan verir, ona görə də yeni redaksiyada, yeni Konstitutsiyaya qarşıdır. Amma məntiqlə, bu haqq Qarakalpakdan alınmalıdlr, bu Özbəkistan üçün vacibdir.
Vəssalam, məsələ budur, bəziləri isə yenə mitinq görüb mənasız yazılar yazırlar, ya da elə bilərək/bilməyərək Rusiyanın əlinə oynayırlar, hələ bir deyirlər ki, Qarakalpaklar GÖZLƏNİLMƏDƏN etiraza qalxdılar”.

TİA.Az