Qarajın üzərində 3 mərtəbəli ev! -“Sənə yar, səndən yar şikayətim var” – Biabırçı fotobackend

Qarajın üzərində 3 mərtəbəli ev! -“Sənə yar, səndən yar şikayətim var” – Biabırçı foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda, xüsusilə paytaxt Bakıda binaların səliqəsiz, şəhərsalmaya zidd inşası uzun zamandır, müzakirə olunur.  Amma əlaç tapılmır ki, tapılmır. Səbəb məşhur mahnı -“Sənə yar, səndən yar şikayətim var”da deyildiyi kimi şikayət olunan və ona baxanın eyni qurum olmasıdır. Yəni bu sayaq tikilişlərə icazəni verən də, qanunsuz tikililərə nəzarət edən də eyni təşkilatdır – İcra hakimiyyəti.
Elə bu günlərdə sosial şəbəkələrdə paylaşılan fotoda da kiçik sahəli bir avtomobil qarajının üzərində 3 mərtəbəli ev inşa olunub. Bu görüntü sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. İctimaiyyət belə bir binanın tikilməsində kimlərin  icazəsi olduğunu sorğulayıb və məsul şəxsləri günahkar hesab edib. Paytaxtda belə binaların tikilməsi həm estetik görüntünü pozur, həm də həmin ərazidə təhlükə riskini artırır.
Vəziyyəti dəyərləndirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Sherg.az”a bildirib ki, bütün tikililər həyata keçirilməsi ilə bağlı qaydalar, razılaşmalar, sənədlərin təsdiq olunması “Mənzil məcəlləsi” və “ Tikinti və Şəhərsalma məcəlləsi” əsasında aparılmalıdır:
 “Kimlərsə hansısa yollarla belə tikililərə şərait yaradırsa, onda yerli hakimiyyət orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli nümayəndəlikləri buna müdaxilə etməlidirlər. Bu aydın məsələdir ki, Bakıda binalar səliqəsiz vəziyyətdədir. Biz həyətlərə baxdıqda eyvanların çıxarılmasını görürük.  Binanın konstruksiyasını və tikiniti normativlərini tamam pozublar. Bəzi yerlərdə binanın üz hisssəsini yükləyiblər və binanı təhlükəli qəza vəziyyətinə salıblar. Bizdə, həmçinin seysmik dayanıqlılığını itirən binalar var. Bütün bunlar yerli icra hakimiyyətini orqanlarının gözü qabağında, hərəkəti və hərəkətsizliyi nəticəsində baş verir. Təəssüf ki bu proses davam edir”.
S.Məmmədov özəl torpaq sahələrində aparılan neqativ hallardan da danışıb:
“Kiminsə özəl torpaq sahəsi varsa, orada tikinti apara bilər. Amma o tikintinin layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırımalıdır. Bu proses zamanı qəsdən bəzi icra hakimiyyəti orqanları elə prosedurlar müəyyən edir ki, neqativ hallar baş verir. Əslində layihə sənədləri  təqdim olunmalıdır. Dərhal bununla bağlı rəy verilməlidir və tikinti işi başlanmalıdır. Amma hazırda bu sahədə bürokratik əngəllər baş verir və insanlar da qanunsuz yollardan istifadə edirlər. Bunun nəticəsində Bakının mərkəzində və ətraf kəndlərdə belə binalar ortaya çıxır”.