Qaradağdakı şəhid məzarlığı ilə bağlı qalmaqal səngimir – yeni xiyaban salınacaqbackend

Qaradağdakı şəhid məzarlığı ilə bağlı qalmaqal səngimir – yeni xiyaban salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci Qarabağ müharibəsində həlak olan 17 şəhidin valideynləri övladlarının qəbir yerinin dəyişdirilməsini tələb edirlər. Bakının Yasamal və Nəsimi rayon sakinləri olan valideynlər şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edir və məzarların ikinci Fəxri Xiyabana köçürülməsini istəyirlər. Şəhid ailələri qeyd ediblər ki, məzarlıq əvvəllər bataqlıq sahə olduğu üçün qəbirləri su basır.

Ürəkağrıdan mənzərə həm də odur ki, şəhid ailələri qəbirlərin köçürülməsi ilə bağlı aksiya keçirərkən sinə və baş daşlarını sındırıblar. Bunun da yolverilməz olduğu vurğulanır.

Məsələ ilə bağlı Musavat.com-a danışan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, şəhər qəbiristanlığıdır: “Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.

İcra başçısı ərazidə qrunt sularının toplanması barədə məsələyə münasibət bildirib: “Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.

Müdafiə Nazirliyi isə BBC News Azərbaycanca-ya bildirib ki, bu məsələ onların səlahiyyətində deyil.

Millət vəkili Aqil Abbas məsələ ilə bağlı “Yeni Müsavat”a danışdı. Aqil Abbas baş verənlərə görə aidiyyəti orqanları sərt tənqid etdi:

“Bir aydan çoxdur ki, müvafiq qurumlar bu ailələri qəbul edə bilmədilər. Axırda da nazir müavini Kərim Vəliyev onları qəbul edib, amma nə cür danışıbsa ailələr gecəni qəbiristanlıqda yatıblar. Deməli, ailələri qane edəcək açıqlama verilməyib. Şəhidə niyə fərq qoyulur?! Əlbəttə ki, yeni bir şəhid qəbiristanlığı salmaq olar, lakin normal, yararlı bir yerdə.

Məlum olduğu kimi, qəbirlərdən su çıxır. İndi aidiyyəti orqanlar qrunt sularını nə edəcəklər, nasosla çəkəcəklər? Dünənə qədər deyirdik ki, şəhidlərimiz baş tacımızdır. Bəs indi nə oldu, onları əl altında dəfn edirik? Məgər Fəxri Xiyabanda 20 nəfər şəhidə yer tapılmır? Halbuki orada hazır qəbirlər var. Onları kimlər üçün saxlayırlar?”

Deputat Razi Nurullayev də məsələyə tənqidi yanaşdı: “Bu cür məsələlər barəsində əvvəlcədən düşünüb, tələsik olmayan qərarlar vermək lazım idi. Şəhid ailələrini incitmək olmaz. Onsuz da onların qəlbləri sınıqdır, həssasdırlar. Bəzən olur ki, nəyisə onlara izah etmək çətin olur. İndi də məlum olub ki, şəhidin qəbrindən su çıxır, məzarlıq qeyri-abad, şəhərdən uzaq yerdə salınıb, ailələri gedib-gələ bilmirlər, əlbəttə ki, bu problem anlayışla qarşılanmayacaq. Bu vəziyyəti yaradanlar indi bunun arxasında dayana biləcəklər?

Artıq bir neçə gündür ki, bu məsələ ətrafında araşdırma aparıram. Görünən odur ki, hələ də məsələyə tam, dolğun şəkildə izahat verən yoxdur. Yəni deyilmir ki, bundan sonra nə olacaq, nə ediləcək, qəbirlər köçürüləcək, köçürülməyəcək və sairə.

Artıq həmin şəhid ailələri mənə müraciət ediblər. Mən indi çıxıb onlara nə deyim? Amma bildirim ki, şəhid ailələri ilə görüşəndə onların yanında olacam və verəcəyim bəyanat çox ağır olacaq. Əlbəttə ki, yenə də buna görə böyük problemlər yaşayacam. Ona görə də bəzən normal verilməyən qərarlar bütün ölkədə əlaqədar təşkilatları, millət vəkillərini çox çətin vəziyyətə salır.

Biz Vətən müharibəsində qələbə qazandıq. İndi bu qədər qələbənin, zəfərin üzərinə düşünülməmiş şəkildə verilən qərarlara görə kölgə düşməməlidir. Niyə bütün 10 milyonluq Azərbaycan, eləcə də xaricdə yaşayan həmyerlilərimiz həmin videoya baxıb, təəssüf hissi keçirməlidir? Erməni mətbuatı da bu problemi böyük sevinclə dərc edir, bildirirlər ki, Azərbaycanda bu cür problemlər yaşanır. Ölkəni biabır edənlər məsuliyyətsiz insanlardır.

Şəhid ailələri hər zaman haqlıdırlar. Hər kəs indi dövləti, dövlətçiliyi, deputatları günahlandırır. İndi bunun qarşısını necə alaq?

Problemi əlaqədar təşkilatlar, Müdafiə Nazirliyi və həmin ərazinin sahibləri həll etməlidir”.

Nəzərə çatdıraq ki, həmin ərazidə yaxın vaxtlarda abadlaşdırma işlərinin aparılacağı, şəhid adına uyğun xiyaban salınacağına dair məlumatlar verilir. Yeni salınacaq xiyabanın eskiz layihəsi də mediada yayılıb.