Tribuna İnformasiya Agentliyi

Qaradağda evindən 300 min oğurlanan iş adamı “Korgöz”ün sahibi imiş – Təfərrüat

08 Sentyabr

Qaradağda mənzildən 300 min manatlıq oğurluq etməkdə təqsirləndirilən dəstə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluq etməkdə təqsirli bilinərək həbs edilən Şamaxı rayon sakini 1988-ci il təvəllüdlü Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Osman Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında başqa bir cinayətə görə həbs edilən Niyaz Vəliyev şahid qismində ifadə verib.

O deyib ki, həbs edilənlərdən Yadigar və Osmanı tanıyır. Hər iki şəxslə həbsxanada tanış olduqlarını deyib.

Niyaz söyləyib ki, xəstə olduğu üçün Yadigardan borca pul alıb: “Pulu müalicəmə xərcləmişəm. Yataqda yatırdım. Yadigar dedi ki, xəstəsən, nə vaxt olsa verərsən. Mənim xəstə olduğumu, müalicəyə ehtiyacımın olduğunu Yadigar həbsxanada olanda bilirdi”.

Yadigar Dadaşov hakimin sualına cavabında söyləyib ki, Niyaza verdiyi pul oğurluq olub.

Suallara cavab verən Niyaz isə qeyd edib ki, həmin pulun oğurluq olduğunu bilməyib: “Polisdən zəng gələndə bildim. Məni bölməyə çağırdılar. Həmin pulu da qardaşım qaytarıb”.

Prokuror isə xatırladıb ki, Yadigarın oğurluq etdiyi tarixlə, Niyazın ondan borc istədiyi tarixin üst-üstə düşməsi təsadüf olmaya da bilər.

Məlum olub ki, Niyaz Vəliyev daha əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə isə oğurluğa görə həbs edilib.

Növbəti dəfə cinayət törətməsini, həbsxanaya yenidən qayıtmasını isə Niyaz belə izah edib: “Cavanlıq idi. Adamın başına iş gələr”.

Məhkəmədə o da məlum olub ki, həbs edilənlərdən Dünyamalı Güləliyevin Yadigar və Osmanla ciddi problemləri var. Belə ki, Dünyamalı özünü təqsirli bilmir və digər iki şəxsi günahlandırır. Onlar məhkəmə zalında ayrı-ayrı dəmir barmaqlıq arxasında əyləşdiriliblər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi bu cinayət hadisəsi ilə bağlı məlumat yaymışdı. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, adı çəkilən şəxslər Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Onlar bu il martın 21-də rayon ərazisindəki evlərin birindən 200 000 manat və 100 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli biliniblər.

Qeyd edək ki, mənzilindən oğurluq edilən şəxs “Korgöz” karxanasının sahibi Aydın Sultanovdur.

Bu cinayət hadisəsi ilə bağlı bəzi təfərrüatlar da əldə etmişik. Məlumata görə, həbs edilən şəxslərə sahibkar Aydın Sultanovun evində külli miqdarda pul olmasını başqa bir şəxs deyib. Həmin şəxsin kimliyi bizə məlum olmasa da araşdırmalar zamanı bu fakt üzə çıxıb. O da məlum olub ki, həmin şəxs dəstə üzvlərinə iş adamının pullarının yerini deməsinin qarşılığında 10 min manat alacaqmış. Amma dəstə üzvləri onun payını verməyə imkan tapa bilməyiblər.

O da məlum olub ki, həbs edilənlərdən Yadigar Dadaşov oğurluq hadisəsindən sonra qayınatası Fikrət Atakişiyevə 7 min manat pul verib. Və deyib ki, həns edildikdən sonra həmin pulla ailəsinin ehtiyaclarını qarşılayar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilirlər.